Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin birgə stendində Türkiyədə nəşr olunan kitabları nümayiş etdirir.
Sərgidə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin təşəbbüsü ilə Azərbaycan mədəniyyətinə dair yerli dillərdə nəşr olunmuş kitablar da yer almaqdadır. Xüsusilə, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunmuş Azərbaycan folkloru, klassik ədəbiyyatı, teatrı və musiqisi ilə bağlı əsərlər sərgi iştirakçılarına təqdim olunur.
Bundan əlavə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində türk dilinə tərcümə edilərək nəşr olunan, Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi və Türk dünyası ədəbiyyatının seçkin siması Nizami Gəncəvinin “Xəmsə”sindən olan əsərlərin təqdimatı da sərgi proqramına daxil edilmişdir.
Qeyd edilməlidir ki, sərgiyə 23 ölkədən (Türkiyə, İtaliya, ABŞ, Argentina, Böyük Britaniya, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) 68 xarici qurum və 123 yerli nəşriyyat, mətbəə və kitab sənəti müəssisəsi qatılıb. Xüsusilə, İspaniya, Küveyt və İndoneziya ilk dəfə olaraq Bakı sərgisində iştirak edirlər.



