Bakıda Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümünə həsr olunmuş elmi sessiya keçirilib

Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü münasibətilə “Cavidin bitməyəcək qayıdışları” mövzusunda elmi sessiya keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Türkiyə türkcəsində nəşr olunmuş “Hüseyn Cavid – Pyeslər” kitabının təqdimatı da təşkil edilib.

Oktyabrın 24-də keçirilən elmi sessiyada akademiklər, Cavid irsinin tədqiqatçıları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları və Hüseyn Cavidin Ev-Muzeyinin nümayəndələri iştirak ediblər.

Elmi sessiyada çıxış edən akademik Rafael Hüseynov 1930-cu illərdə sovet siyasi repressiyalarının qurbanı olmuş Hüseyn Cavidin ədəbi irsinin müxtəlif dövrlərdə üzləşdiyi maneələrə baxmayaraq, yaşamağa davam etdiyini vurğulayıb.

Hüseyn Cavidin əsərlərinin yeni nəsillərə çatdırılması və aktuallığını qoruyub saxlaması xüsusiyyətlərinə diqqət çəkən akademik bu zəngin irsin bütün Türk dünyasını birləşdirən ortaq mənəvi dəyərlərdən biri olduğunu bildirib. O qeyd edib ki, Hüseyn Cavidin yaradıcılığı bu gün Türk birliyinin möhkəmlənməsinə töhfə verən mühüm mənəvi qaynaqlardan biridir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Mərkəzin Azərbaycan milli mədəniyyətinin və ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində həyata keçirdiyi layihələrdən, klassik ədəbi irsimizin Türkiyə türkcəsinə tərcüməsi sahəsində görülən işlərdən, eləcə də Hüseyn Cavidin əsərlərindən ibarət külliyyatın Türkiyədə nəşrindən danışıb.

Samir Abbasov akademik Rafael Hüseynovun ön sözü və redaktorluğu, dosent, doktor Mehdi Gəncəlinin tərcüməsi ilə hazırlanan, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf edilən “Hüseyn Cavid – Pyeslər” kitabı haqqında məlumat verib. O bildirib ki, bu nəşr Hüseyn Cavidin yaradıcılığının Türkiyədə daha geniş tanıdılmasına xidmət etməklə yanaşı, kitabda yer alan pyeslərin gələcəkdə Türkiyə teatrlarında səhnələşdirilməsi üçün də yeni imkanlar yaradacaq.

Elmi sessiyada çıxış edən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, dosent, doktor İsmət Məmmədova Hüseyn Cavidin əsərlərində klassik Şərq poeziyası ənənələrinin davam etdirilməsi ilə yanaşı, güclü müasirlik düşüncəsinin də ön plana çıxdığını vurğulayıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi katibi Nuranə Əsədullayeva məruzəsində Hüseyn Cavidin “Azər” poemasında tarix və müasirlik məsələlərini təhlil edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, dosent, doktor Fərqanə Zülfüqarova və filologiya elmləri doktoru Gülbəniz Babaxanova da çıxışlarında Hüseyn Cavidin əsərlərinin müxtəlif dillərə tərcüməsinin böyük sənətkarın ədəbi qüdrətinin daha geniş coğrafiyada tanınmasına mühüm töhfə verəcəyini bildiriblər.

Hüseyn Cavidin ailəsi adından çıxış edən, şairin böyük qardaşı və ilk müəllimi Şeyx Məhəmməd Rasizadənin nəvəsi, jurnalist Nigar Hacıyeva böyük sənətkarın anadan olmasının 144-cü ildönümündə xatirəsinin elmi tədbirlər və yeni nəşrlərlə yaşadılmasından məmnunluğunu ifadə edərək, bu istiqamətdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Hüseyn Cavidin əsərlərinin Türkiyə türkcəsində nəşri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən birinin zəngin irsinin Türkiyədə daha geniş tanıdılması, eyni zamanda iki qardaş xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ