Azərbaycan Mədəniyyət Mərkəzi

Ümummilli lider Heydər Əliyev və Türk dünyası


Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrdə Azərbaycanın daha geniş iştirakını təmin etmək üçün Sovetlər Birliyi Mərkəzi höküməti qarşısında konkret məsələlərin həllini qaldırırdı.

Bildirirdi ki, hər il sentyabr ayında Bakıda Yaxın və Orta Şərq ölkələri bəstəkarları və müğənnilərinin iştirakı ilə Şərq musiqisi festivalı keçirilsin. Belə bir festivalın keçirilməsi təkcə Azərbaycanın musiqi mədəniyyətinin deyil, eyni zamanda, Şərq musiqisinin məşhur olduğu bu region xalqları arasında Orta Asiya xalqlarının da musiqisinin yayılmasına kömək edərdi. Heydər Əliyev Azərbaycanın teatr və konsert kollektivlərinin, ayrı-ayrı ifaçıların Türkiyəyə səfərlərinin genişləndirilməsini, ən yaxşı azərbaycanlı quruluşçu rejissorların, dirijorların Türkiyədə kontraktla işləmələrinə şərait yaradılması təklif edirdi. O yazırdı ki, təcrübə göstərir, Azərbaycan ifaçılarının Türkiyəyə səfərləri uğurla keçir və türk ictimaiyyətinin böyük marağını çəkir. Nümunə kimi məktubda Azərbaycanın görkəmli bəstəkarı Niyazinin, Azərbaycan Dövlət Rəqs Ansamblının və b. səfərləri göstərilirdi.

Heydər Əliyev rəssamlar arasında əlaqələrin qurulmasına önəm verərək, Türkiyədə Azərbaycan rəssamlarının əsərlərinin sərgisinin keçirilməsini təklif edirdi. Həmçinin, müxtəlif tədbirlər keçirilərkən ən yaxşı Azərbaycan kinofilmlərinin nümayişini tövsiyə edirdi. Bildirildi ki, Azərbaycan dili türk tamaşaçısı tərəfindən başa düşüldüyündən “Azərbaycanfilm”in istehsalı olan kinofilmlərin Türkiyədə satışını təşkil etmək məqsədəuyğun olardı.

Təkliflərdə deyilirdi ki, beynəlxalq idman əlaqələri münasibətlərdə mühüm rol oynaya bilər. Ona görə də Heydər Əliyev Bakı şəhərində Türkiyə idmançılarının iştirakı ilə daha çox beynəlxalq idman oyunlarının keçirilməsini, Azərbaycanla Türkiyə arasında idman kollektivlərinin qarşılıqlı mübadiləsini praktikadan keçirməyi təklif edirdi.

Heydər Əliyev Türkiyə ilə əlaqələrdə qardaşlaşmış şəhərlər hərəkatından istifadə edilməsi təklifini irəli sürür, Bakı və İzmir şəhərinin qardaşlaşması məsələsinə baxmağı xahiş edirdi. Yazırdı ki, İzmirdə xeyli azərbaycanlı yaşayır, zaman-zaman Ankara və İzmir şəhərlərinin merləri Bakı ilə qardaşlaşmış şəhərlər çərçivəsində əməkdaşlıq etmək istəyində olduqlarını bildirmişlər.

Heydər Əliyev Türkiyəyə səfərə gedən müxtəlif səviyyəli sovet nümayəndə heyətlərinin tərkibinə azərbaycanlılardan nümayəndələrin daha çox daxil edilməsi təklifini irəli sürürdü. Təkliflərdə deyilirdi ki, Türkiyədə azərbaycanlılar çox yaşadıqlarından və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadıqlarından bu ölkədəki sovet nümayəndəliklərində, o cümlədən, müxtəlif obyektlərin tikintisinə azərbaycanlı mütəxəssislər daha çox göndərilsin. Heydər Əliyev təklif edirdi ki, Türkiyədən SSRİ-yə gələn turistlərin səfər proqramlarına Azərbaycana səyahət də daxil edilsin.

Azərbaycan rəhbəri xarici ölkələrdə yaşayan azərbaycanlıların Ümumittifaq Vətən Cəmiyyətinin və Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin birgə xətti ilə daha çox dəvət olunmalarını təklif edirdi.

Heç şübhəsiz, bu təkliflər SSRİ-Türkiyə əlaqələrini canlandırmaq, Türkiyədə qızışdırılan antisovet təbliğatını aşağı salmaq məqsədini güdürdü.

Yaranmış vəziyyətdən istifadə edən Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində Azərbaycan xalqının rolunu artırmağa, mühacirət təşkilatlarında hökm sürən antisovet əhval-ruhiyyəni zəiflətməyə, onunla işləməyə çalışırdı. Çünki azərbaycanlı mühacir təşkilatların antisovet fəaliyyəti Moskvanı qıcıqlandırır, respublikda milli ziyalıların qorunması çətin olur, ziyan Azərbaycana dəyirdi.

Buna görə də Heydər Əliyev xaricdəki azərbaycanlıların antisovet fəaliyyətlərdə iştirakını arzulamırdı. Qeyd etmək lazımdır ki, Heydər Əliyevə qədər işlənmiş Azərbaycan sovet rəhbərlərindən heç biri Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə dair mərkəz qarşısında belə tutarlı, əsaslandırılmış və cəsarətli təkliflər verməmişdi.

Heydər Əliyevin təkliflərinin nəzərə alınması nəticəsində iki ölkə arasında münasibətlər yaxşılaşır, Türkiyədə antisovet təbliğat zəifləyir, türk xalqı Azərbaycanı daha yaxından tanıyır, siyasi mühacirət nümayəndələri vətənə səfərlər edirdilər.

70-80-ci illərdə Heydər Əliyev Türkiyə ilə mədəni, elmi və turizm əlaqələrinin inkişaf etdirilməsini diqqətdə saxlayırdı. Məsələn, onun tapşırığı ilə Azərbaycanın məsul şəxsləri İzmirdə keçiriləcək sərgi-yarmarkaya bir neçə ay əvvəlcədən ciddi hazırlaşmağa başlamışdılar. MK bürosunun hələ 1970-ci il 17 aprel tarixli iclasında İzmirdə keçiriləcək beynəlxalq yarmarkaya Azərbaycandan 22 nəfər incəsənət ustasının göndərilməsi barədə qərar qəbul edilmişdi. Bu qərar uğurla yerinə yetirildi. Görkəmli müğənnilər Ş.Ələkbərova, G.Məmmədov, P.Bülbüloğlu və “Qaya” vokal-instrumental ansamblının Türkiyədə verdikləri konsertlər böyük rəğbətlə qarşılandı.

Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan 1970-ci ilin avqust-sentyabr aylarında İzmirdə keçirilən beynəlxalq yarmarkada ayrıca pavilyonda təmsil olundu. Yarmarkada Azərbaycanın 500-dək eksponatı, “Azıx mağarası”, “Təsnif”, “Şəki sarayı”, “Abşeron mahnıları” və s. qısametrajlı televiziya filmləri, xalqımızın tarixi, dili və mədəniyyəti ilə bağlı 136 adda kitab nümayiş etdirildi. Yarmarkadakı Azərbaycan pavilyonu Türkiyədə böyük sevgi və məhəbbətlə qarşılandı. Türklər azərbaycanlı mühacirlər pavilyonuna xüsusi maraq göstərir, Azərbaycandan gələnlərlə söhbət edib respublikadakı vəziyyətlə maraqlanırdılar. Onlara Azərbaycan milli musiqi nümunələri yazılmış plastinkalar, ana dilində kitablar verilirdi. Sərgi-yarmarkanın keçirildiyi müddətdə türk mətbuatı Azərbaycana dair çoxlu yazılar verdi. Məsələn, nüfuzlu “Ekspres”, “Demokratik İzmir” və başqa qəzetlər Azərbaycana rəğbət dolu məqalələr dərc etmişdilər. İzmirdə keçirilən sərgi-yarmarkada Azərbaycanın iştirakı azərbaycanlılarla türklər arasında əlaqələrin canlandırılmasına güclü təsir edirdi.

70-80-ci illərdə Azərbaycan elmi və ədəbi mühitində Türkiyə mövzusu müəyyən müzakirələr obyektinə çevrilmişdi. Məsələn, 1971-ci ildə Azərbaycan Yazıçılar İttifaqının V qurultayında etdiyi çıxışında Süleyman Rüstəm deyirdi: “Mən ta gənclik illərindən bu günə qədər qəribə məktublar alıram. Aldığım son məktubun müəllifi (əlbəttə, imzasız müəllif) məni partiya məddahlığında günahlandırır… Deyir ki, bəzi xalqlara qardaş deyə şeir yazırsan, bəs niyə Bakıya gəlmiş türklərə şeir yazmırsan?” S.Rüstəm bu sözləri Heydər Əliyevin iştirak etdiyi məclisdə deyir və az sonra ona siyasi, ideoloji don geyindirirdi.

Heydər Əliyev Azərbaycan şair və yazıçılarının Türkiyəyə səfərlərinə şərait yaradır, onu təşviq edir, baxışları üstündə əvvəlki illərdə sıxışdırılan şəxslərin qardaş ölkə ilə əlaqə yaratmalarına imkan verir, bundan ötrü mərkəzdən icazə alır və yardımlar göstərirdi. 1974-cü ildə Azərbaycan şair və yazıçılarından R.Rza Türkiyəyə səfər etdi, öz növbəsində, Bakıya türk yazıçıları gəldi. 1975-ci ildə Azərbaycan yazıçıları Türkiyəyə səfər edərək, həmkarları ilə görüşdülər. Həmin ilin may-iyun aylarında Anar, K.Simonov, həyat yoldaşı L.A.Jadova və V.Feofonov Türkiyədə səfərdə oldular. Anarın nümayəndə heyətinin daxil edilməsi Türkiyədə SSRİ-nin türk xalqlarına xüsusi maraq yaradır və rəğbəti daha da artırırdı. Türkiyədə ziyalılar Anarla görüşlərə can atırdılar. Keçirilən görüşlər Azərbaycan ədəbiyyatı haqqında məlumatların yayılmasına kömək edirdi. Səfərdən sonra K.Simonov 26 səhifəlik hesabat yazaraq əslini Sov. İKP MK-ya, nüsxəsini isə Azərbaycan KP MK-ya göndərdi. Hesabatda deyilirdi ki, Türkiyənin müxtəlif yerlərində azərbaycanlıların, türkmənlərin, SSRİ-nin türk xalqlarının azadlığı komitələri yaradılır. Onlar bu xalqların müstəqilliklərinə qovuşmaları istiqamətində fəal iş aparırlar. Hətta 1973-cü ildə Türkiyədə nəşr olunan sovet türkləri antologiyası “Əsirlikdə olan türk diyarlarından… ” adlandırılmışdı.

Səfər haqqında Türkiyənin “Milliyyət”, “Yeni ortam”, “Yeni gün”, “Sənət dərgisi” və b. kütləvi informasiya vasitələri geniş məlumatlar verdilər. “Cümhuriyyət” qəzetinin müxbiri Kamal Özerin Anarla müsahibəsində Azərbaycan-Türkiyə əlaqələri, ədəbiyyat, incəsənət, türk şair və yazıçılarının Azərbaycanda tanıdılması barədə söhbət getmişdi. Anar deyirdi ki, biz istərdik, Türkiyədə Azərbaycan ədəbiyyatını heç olmasa, Azərbaycanda türk ədəbiyyatını bilən kimi bilsinlər. “Yeni gün” qəzetinə müsahibədə Anar “Qobustan”, “Kitabi-Dədə Qorqud” dastanı haqqında söz açaraq Azərbaycanda mədəniyyətə və elmə verilən qiymətdən, yaradıcı adamlar üçün yaradılan əlverişli şəraitdən danışmışdı. Belə səfərlər və verilən müsahibələr, heç şübhəsiz, biri-birindən ayrı düşmüş Azərbaycanın Türkiyə və türk dünyası ilə əlaqələrinin inkişafına müsbət təsir edirdi.

Heydər Əliyevin tövsiyəsi əsasında Türkiyənin elm, təhsil və mədəniyyət ocaqları ilə müntəzəm əlaqələr yaradılır və inkişaf etdirilirdi. 1970-ci ildə Azərbaycan EA kitabxanası Türkiyədəki türkoloji mərkəzlə, 1973-cü ildə isə İstanbuldakı kitabxana ilə əlaqə qurdu. Sonraki illərdə də bu iş uğurla davam etdirildi. 1982-ci ildə Ankaradakı Türk Dil Qurumu, Ərzurumdakı Atatürk Universiteti ilə EA kitabxanası arasında əlaqə yaradıldı. Bu əlaqələrin nəticəsində Azərbaycan alimləri Türkiyədə çap olunan ən son elmi nəşrlərlə tanış olur və əməkdaşlığı genişləndirirdilər. Türk mətbuatının icmalını alan respublika Xarici İşlər Nazirliyi onu EA-nin İctimai elmlər üzrə elmi-informasiya mərkəzinə araşdırmalarda istifadə etmək üçün təqdim edirdi. Azərbaycanda 70-ci illərdə Türkiyə üzrə elmi-tədqiqat işləri, məqalə və kitab çapı genişləndirilirdi. Türkologiyaya maraq güclənirdi.

Heydər Əliyev Türkiyədə Azərbaycan tarixi və ədəbiyyatından dərs verən müəllimlərin respublikaya səfər edərək azərbaycanlıların həyatı ilə, qazanılmış uğurlarla tanış olmalarına, Azərbaycan mənbələri əsasında araşdırmalar aparmalarına şərait yaradırdı. Məsələn, 1981-ci ilin mart ayında Ərzurum Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatından dərs verən, M.F.Axundovun əsərlərini türk dilinə çevirən Əli Yavuz Akpınarın Azərbaycana gəlib tədqiqat işi aparmasına nəinki icazə verildi, eyni zamanda, bütün xərcləri Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin göstərişi ilə Azərbaycan xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti tərəfindən ödənildi. Bundan sonra Ə.Y.Akpinar Azərbaycan ədəbiyyatı haqqında dəyərli əsərlər yazdı.

Müstəqilliyin ilk illəri.
Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan və digər türk dövlətləri öz dövlət müstəqilliklərini bərpa etdilər. Bununla da Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı xəyalları gerçəkliyə çevrildi. Bir daha sübut olundu ki, türk xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, azadlıqlarına nail olacaqlar.

Türkiyə öz qardaşı Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu. Qardaş ölkələrimizin dövlət başçıları arasında mövcud olan yaxın dostluq münasibətləri, onların siyasi iradəsi və qətiyyəti bu gün iki ölkə arasında hərtərəfli əməkdaşlığın dərinləşməsinə güclü təkan verməkdədir.

Belə bir faktı xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev türk dünyasının birliyinə, sadəcə, etnik köklərin eyniliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmır, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayırdı. Ulu Öndər daim bu çağırışı etmişdi ki, türk xalqlarının yaxınlaşması vacibdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Ulu öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı.

Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi.

1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin, 1997-ci ildə Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığa dair sazişin, həmin ilin iyun ayında Qazaxıstana rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qarşılıqlı faydalı əməkdaşlıq quruldu.

Türkmənistan Respublikası ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirən Ulu öndər 1994-cü ilin oktyabr ayında bu ölkəyə də rəsmi səfər etdi. Türkmənistan Prezidenti Saparmurad Niyazov da 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu. Bu səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı və mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Sonrakı illərdə digər sahələrdə də əlaqələr tənzimləndi və münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı.

Bütün bunlar onu göstərir ki, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi tarixi rolu danılmazdır. Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamış, hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün bütün imkanları səfərbər etmişdir

Ulu Öndərin yorulmaz siyasi fəaliyyəti nəticəsində beynəlxalq diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar atılmış, bu münasibətlər yeni təməl üzərində qurulmuş, ticarət-iqtisadi, elmi, texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalanmışdır. Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri isə dövlətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edirdi.

Azərbaycan xalqının Ümummilli Liderinin ayrı-ayrı türk dövlətləri və xalqları ilə çoxcəhətli əlaqələrini özündə cəmləşdirir. Heydər Əliyevin türk dünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyətində elm, təhsil, ədəbiyyat və incəsənət istiqamətlərinin də özünəməxsus yeri və əhəmiyyəti vardır.

Hadisələr göstərdi ki, Heydər Əliyev hələ sovet hakimiyyətinin Türkiyə Cümhuriyyəti ilə əlaqələrinin ən çətin və gərgin olduğu XX əsrin yetmişinci illərində qardaş ölkənin o zamankı tanınmış dövlət xadimi Süleyman Dəmirəllə ünsiyyət yaratmış və dostluq münasibətlərini çətin də olsa davam etdirmişdir. Çətin günlərin dostluğu Azərbaycanın dar günlərində yenidən üzə çıxmış, ilk növbədə, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının erməni işğalından xilas edilməsində və Qarabağ məsələsinin həlli proseslərində Azərbaycan üçün son dərəcə faydalı olmuşdur.

Türkiyə Cümhuriyyətinin Cümhur başqanı Süleyman Dəmirəlin özünün xüsusi təyyarəsi ilə Naxçıvana gəlib, burada böyük və etibarlı dostu Heydər Əliyevlə birlikdə işğalçı Ermənistana sərt bəyanatlar səsləndirməsi XX əsrin doxsanıncı illərinin mürəkkəb dövründə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

Süleyman Dəmirəlin Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində salınmış Ümid körpüsünün açılışı mərasimində Heydər Əliyevlə birlikdə iştirak etməsi və nitq söyləməsi təkcə Azərbaycan üçün yox, türk dünyasından ötrü son dərəcədə əhəmiyyətli hadisə idi.

Türk dünyasının iki nəhəng liderinin 28 may 1992-ci il tarixdə Araz çayı üzərində açdıqları Sədərək-Dilucu Ümid körpüsü yalnız Azərbaycanla deyil, bütün türk dünyası ilə Türkiyəyə əhəmiyyətli bir qapının açılması deməkdir. Vaxtilə Mustafa Kamal Atatürkün qızıl pula aldığı Aralıq Dilucundakı 11 kilometrlik quru sərhəd ərazisi təxminən 70 ildən sonra həm Türkiyə və türk dünyası və həm də Azərbaycan-Naxçıvan üçün mühüm strateji əhəmiyyətə malik bir faktora çevrilmişdir. Ümumiyyətlə, Heydər Əliyev-Süleyman Dəmirəl münasibətləri Azərbaycan-Türkiyə əlaqələrində xüsusi bir mərhələ təşkil edir. Bu tarixi mərhələnin ayrıca tədqiq edilib araşdırılmasına ehtiyac vardır.

Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Qazaxıstanda və Özbəkistanda baş verən gərgin hərbi-siyasi hadisələr zamanı Siyasi Büro səviyyəsində qazax və özbək xalqlarının mənafelərini müdafiə etməsi bütün tərəfləri ilə bir sırada həm də onun ortaq türk köklərinə bəslədiyi yüksək münasibətin ifadəsidir. Heydər Əliyevin türk xalqlarına münasibəti müasir dövrün hadisələrindən ortaq folklor abidələrinə qədərki geniş mənaları əhatə edir.

Türk dünyasının ortaq dəyərlərinə xüsusi ehtiram bəsləmiş dahi şəxsiyyətin “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi folklor abidələrinə böyük ehtiramla yanaşması nəticə etibarilə onun ortaq türk köklərinə inamının və etibarının ifadəsi idi.

Qırğız xalqının qədim folklor abidəsi olan “Manas” dastanının 1000 illiyi münasibətilə 28 avqust 1995-ci ildə Qırğızıstanda keçirilən tədbirlərdə iştirak edərkən ifadə etdiyi aşağıdakı sözlər Heydər Əliyevin ortaq türk dəyərlərinə nə qədər dərindən bələd olduğunu və həmin dəyərlərə hansı mövqedən yanaşdığını əyani surətdə göstərir. “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir. “Manas”… bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir.

“Manas” eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi-mədəni sərvətidir. “Manas” bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır”.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında Fərman imzalaması və bu möhtəşəm ədəbi abidənin dünyada tanıdılması üçün UNESCO səviyyəsində və Türk Dövlətləri Başçılarının Zirvə toplantısı miqyasında tədbirlər keçirməsi təkcə ölkəmizdə yox, bütövlükdə türk dünyasında milli-mənəvi özünüdərk, soykökə qayıdış baxımından son dərəcə əhəmiyyətli hadisədir. Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi vasitəsilə türk dövlətləri arasında ədəbi-mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etməyin böyük nümunəsidir.

Heydər Əliyev qazax xalqının böyük oğlu, qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 9 avqust 1995-ci ildə Almatı şəhərində keçirilən 150 illik yubileyində iştirak etmiş və çıxış edərək bu böyük mütəfəkkir haqqında ürək sözlərini bildirmişdir. Ulu öndər “Manas” kimi, qazax xalqının fəxri olan Abayı da bütün bəşəriyyətə, o cümlədən də Azərbaycan xalqına məxsus olan qüdrətli sənətkar, böyük maarifçi-mütəfəkkir olaraq səciyyələndirmişdir. O, eyni zamanda, türk xalqları arasında başlanan inteqrasiyanın genişlənməkdə olduğunu nəzərdə tutaraq, “belə hesab edirəm ki, Abayın bayramı məhz onun bu gün həyata keçən ideyalarının bayramıdır” – sözləri ilə yeni tarixi şəraitdə “suveren dövlətlər kimi geniş inkişaf yoluna çıxmış” türk respublikalarının birlikdə irəliləyib inkişaf edəcəyinə dərin inamını ifadə etmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin qazax xalqının böyük klassiki Abay Kunanbayevin yubileyi mərasimində türk xalqlarının inteqrasiyasına “Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində” qiymət verməsi onun diqqəti qarşılıqlı əlaqələrdə ortaq tarixi keçmişlə müasir dövrdə birgə fəaliyyətin üzvi surətdə əlaqələndirilməsinin əhəmiyyətinə bəslədiyi inamın göstəricisidir: “Keçmişdən bizə irs qalan hər şeyin, böyük Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində mədəniyyətimizi, elmimizi, iqtisadiyyatımızı inkişaf etdirmək və xalqımızı xoşbəxtliyə və firavanlığa çıxarmaq üçün irəliləyəcəyik”.

 

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları