Bizim nəşrlər
Nizami Gəncəvinin “İskəndərnamə” adlı kitab Türkiyə Türkcəsində.
Azərbaycan mədəniyyəti, ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orjinaldan Türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” əsəri çapdan çıxmışdır. Əsəri Türk dilinə çevirən tərcüməçi – professor Nimet Yıldırım Azərbaycan və türk dünyasının dahi söz ustadı, dünya şöhrətli şair, mütəfəkkir Nizami Gəncəvinin Anadolu coğrafiyasında da çox sevildiyini və məşhur olduğunu qeyd edib.
Tərcümənin müəllifi, Atatürk Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. Onun fikrincə, Nizami yaradıcılığı fars dilini zənginləşdirib. “Diqqətəlayiqdir ki, böyük mütəfəkkirin qələmindən əvvəllər farsca işlənməyən yüzlərlə söz və ifadə çıxıb. Kitabı bu link üzərindən oxuya bilərsiniz.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” adlı kitab Türkiyə Türkcəsində.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə” sinə daxil olan bütün əsərlərin orjinaldan Türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxmışdır.
Əsəri Türk dilinə çevirən Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım Azərbaycan və Türk dünyasının dahi söz ustadı, dünya şöhrətli şair Nizami Gəncəvinin Azərbaycan, Anadolu, Yaxın Şərq və Hindistan olmaqla çox geniş coğrafiyalarda əsərlərinin əldən-ələ dolaşdığını, geniş kütlələrdə oxunduğunu və özündən sonra gələn böyük şairlər tərəfindən əsərlərinin ilham mənbəyi olduğunu və onlara çox sayda nəzirələr yazıldığını qeyd edib.
Kitabda “Ön sözdə” qeyd olunur ki, Nizami Gəncəvinin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla, müdrik, fikirlərlə zəngin, bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni fikirlər, ideya və qənaətləri ifadə edən və hekayələrdən ibarət bir poemadır. Onun hikmət və nəsihət dolu “Sirlər xəzinəsi” poeması bütün insanlıq üçün əsl tərbiyə, mənəviyyat mənbəyidir. Kitabı bu link üzərindən oxuya bilərsiniz.
Yevgeni Bertelsin dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” adlı kitab Türkiyə Türkcəsində.
Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tanıdılmasına, tədqiqinə və təbliğinə dair layihələr həyata keçirir.
Bu çərçivədə məşhur tanınmış Rus şərqşünas-alim, professor Yevgeni Bertelsin dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” (“Azerbaycanın büyük şairi Nizami”) əsəri Azərbaycan Türkcəsindən Türkiyə Türkcəsinə çevrilib. Əsəri Türkiyə Türkcəsinə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar çevirib.
Türkiyədə nəşr olunmuş kitabın təqdimatı, habelə aparıcı kitabxanalara, elmi-tədqiqat müəssisələrinə hədiyyə olaraq göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab olunur. O, Nizami Gəncəvi ilə yanaşı, Əlişir Nəvai, Əbdürəhman Cami, Sədi Şirazi, Firdovsi və başqa görkəmli şəxsiyyətlərin yaradıcılığını tədqiq edib.
“Füzuli Divanı” adlı kitab Türkiyə Türkcəsində.
2024-cü il Azərbaycanın böyük şairi, türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir.
Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə Məhəmməd Füzulinin “Füzuli Divanı” kitabı türkcə nəşr olunub.
Nəşrdə Məhəmməd Füzulinin şeir janrına aid şeirləri, qəzəlləri, rübailəri, müsəmmətləri və mükəttələri türk dilinə uyğunlaşdırılaraq əsərdə öz əksini tapmışdır. Kitabın tərtibçiləri Ankara Qazi Universitetinin yazarları, professorlar İsmət Çətin və Halil Çeltikdir.
Veriliş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır.
Sərəncamda deyilir: Məhəmməd Füzuli Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinin fəxridir.
İnanırıq ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Füzuli Divanı” nəşri dahi şairin 530 illik yubileyinə kiçik bir töhfə kimi sizlər tərəfindən müsbət qarşılanacaqdır.
Kitabın tərtibçilərindən olan Qazi Universitetinin (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, professor İsmet Çetin Füzuli irsini təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin sərvəti adlandırıb.
“Füzuli böyük qələm ustadlarından biridir. Dil, üslub və poetik texnika baxımından Füzuli ilə müqayisə oluna bilənlər azdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Türkcəsi, ərəb və fars dillərində 16 böyük əsəri olan dahi şairin yaradıcılığı bədiiliyi, incəliyi və orijinallığı ilə seçilir. Bir çox yerli və xarici tədqiqatçılar Məhəmməd Füzulini Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırıblar. Kitabı bu link üzərindən oxuya bilərsiniz
Türkiyənin “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunub və jurnal Türkiyə Türkcəsində buraxılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı dahi Azərbaycan şairi, türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə bağlı yazı ilə aşılan jurnalda ölkə başçımızın sənəddə qeyd etdiyi “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” ifadəsinə xüsusi yer verilib.
“Mədəni Azərbaycan” jurnalında hər iki ölkənin Füzulişünas alimləri, o cümlədən akademik Rafael Hüseynov, professorlar Ataəmi Mirzəyev, Lalə Əlizadə, Mahirə Hüseynova, türkiyəli professorlar Cemal Kurnaz, Mustafa İse, İsmet Çetin və digərlərinin məqalələri dərc edilib.
Yazılarda dahi şairin yaradıcılığının türk dünyası ədəbiyyatına verdiyi töhfələr və onun əhəmiyyəti vurğulanıb.
Azərbaycan Mədəniyyət Mərkəzi həm çap, həm də elektron formatda yayımlanan jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsini planlaşdırır. Jurnalı bu link üzərindən oxuya bilərsiniz
“Azerbaycan masalları:” Azərbaycan xalq nağılları adlı kitab Türkiyə Türkcəsində.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan xalq nağılları Türk dilinə çevrilmiş və Ankarada “Azerbaycan masalları” adlı kitab çap olunub.
Kitabda “Tıq-tıq xanım nağılı”, “Cırtdanın nağılı”, “Şəngülüm Şüngülüm Məngülüm nağılı”, “Keçəl”, “Gözəl Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehirli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd nağılı”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağıllları yer almışdır. Kitabda ümumilikdə 12 nağıl vardır.
Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kultroloq Mətanət Hüseynova, nağıllar üzrə çəkilmiş rəsmlərin müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür.
Azərbaycan xalq nağılları şifahi Azərbaycan ədəbiyyatının ən qiymətli janrlarından biri kimi cəmiyyətin köklü ənənələrini, zəngin mədəni irsini, dərin dünyagörüşünü əks etdirir.
Nəsildən-nəslə ötürülən bu nağıllar təkcə keçmişin dəyərlərini yaşatmır; Bu, həm də uşaqların estetik zövqünün inkişafına, təxəyyülünün zənginləşməsinə və dünyagörüşünün formalaşmasına öz töhfəsini verir.
Qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatı və onun əsas janrı olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim və zəngin ənənələrə malik olduğunun göstəricisidir. Kitabı bu link üzərindən oxuya bilərsiniz
“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” adlı kitab Türkiyə Türkcəsində.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri tərəfindən milli mədəniyyətimiz, ədəbiyyatımızın tanınmış simalarının əsərləri, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədi ilə tərcümə və nəşr layihələri həyata keçirilir.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli istiqlal şairi, Azərbaycan ədəbiyyatının görkəmli siması, Azərbaycan Dövlət Himninin mətninin müəllifi Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövründəki fəaliyyətini əks etdirən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabı Türk dilində Ankarada çapdan çıxmışdır. Nəşrin Türk dilinə tərcümə edən Türkiyənin Konya Selcuk Universitetinin dosenti Təranə Həşimovadır.
Ədəbiyyatşünas alim, yazıçı Sahib İbrahimlinin qələmə aldığı “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabda böyük istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü təsvir edilmiş və tanınmış şairin Türkiyə ilə bağlarından, Qafqaz – Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyi və önəmli rolundan bəhs edir.
Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr Gəncə ədəbi mühitinin yetişdirdiyi ən mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən və bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadıdır.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabın Türkiyədə təqdimatının keçirilməsi və aparıcı kitabxanalara, elmi tədqiqat müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulub. Kitabı bu link üzərindən oxuya bilərsiniz
Azərbaycan Xalq Şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü Kəsən Qılınc” adlı teatr əsəri çap edilib.
Azərbaycan Xalq Şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü Kəsən Qılınc” adlı teatr əsəri Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə layihə çərçivəsində Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.
Bu il Azərbaycanda məşhur şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd olunur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır.
“Türk Ədəbiyyatının İnciləri” seriyası çərçivəsində nəşr edilən “Özümüzü Kəsən Qılınc” əsəri, Göytürk Xaqanlığının tarixindən və bu qədim dövlətin dövlətçilik yolundan bəhs edir.
Əsərin əsas ideyası Türk Birliyinin qorunmasının vacibliyidir. Yazıçı Bəxtiyar Vahabzadə əsər boyunca türklərin tarix boyu yaşadıqları faciələrin səbəbini aralarındakı birliyin pozulması ilə əlaqələndirir, eyni zamanda cəsur və mərd türk xalqlarının bənzərsiz qəhrəmanlıqlarını təsvir edir. Əsərin sonunda Göytürklər öz ideallarına çataraq, möhtəşəm Türk Birliyini bərqərar edir və güclərini bütün dünyaya sübut edirlər.
Bu möhtəşəm səhnə əsəri Azərbaycan Milli Dram Teatrı və bölgə teatrları tərəfindən dəfələrlə səhnələşdirilmiş, hazırda isə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə yeni versiyada tamaşaya hazırlanır.
“Özümüzü Kəsən Qılınc” əsərinin layihə rəhbəri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raymkulova, nəşrin redaktoru isə Fərid Hüseyndir.
Əsərin nəşri, gələcəkdə Türk teatrlarında səhnələşdirilməsi üçün yeni imkanlar yaradacaq. Kitabı bu link üzərindən oxuya bilərsiniz
Ankarada “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı not kitabı nəşr edilib.
“Azerbaycanlı bestecilerden piyano eserleri” adlı not kitabı, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankarada nəşr edilib.
Kitab, Ankara Opera və Balet Teatrının musiqiçisi, pianoçu Nailə Əhmədova tərəfindən tərtib edilib. Nəşrdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və digər Azərbaycan bəstəkarlarının fortepiano üçün yazılmış əsərləri yer alır.
Kitabın giriş hissəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və musiqi sənətinə verdiyi töhfələr haqqında ətraflı məlumat təqdim olunur.
Bu nəşr layihəsi, böyük Azərbaycan bəstəkarı və Türk Dünyası musiqisinin zirvəsi olan Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə gerçəkləşdirilmişdir. Kitabın təqdimatı, 18 Sentyabr, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqəli olan “Milli Musiqi Günü”ndə gerçəkləşmişdir. Kitabı bu link üzərindən oxuya bilərsiniz
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “İlmənin Macəraları” kitabı Ankarada Türkiyə türkcəsində nəşr olundu
Azərbaycan uşaq ədəbiyyatının tanıdılması layihəsi çərçivəsində yazıçı Solmaz Amanovanın “İlmənin Macəraları” kitabı Türkiyə türkcəsində Ankarada nəşr olunub.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanlı uşaq yazıçısı, professor Solmaz Amanovanın “İlmənin Macəraları” kitabı Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada işıq üzü görüb.
Layihə, Azərbaycan uşaq ədəbiyyatının qardaş ölkədə tanıdılması və uşaqlar arasında mədəni körpülərin qurulması məqsədilə həyata keçirilmişdir.
“İlmənin Macəraları” kitabı uşaqlara oxu-yazını, riyaziyyatı öyrətməklə yanaşı, Azərbaycanın zəngin mədəniyyətini, tarixini, gözəl sənətlərini tanıdır, eyni zamanda gələcək nəsillərin intellektual inkişafı üçün maraqlı bir mənbə rolunu oynayır.
Əsərin əsas qəhrəmanı İlmə – inadkar, zəkalı və daim öyrənməyə həvəsli bir uşaqdır. Onun gündəlik macəraları vasitəsilə oxucular müxtəlif dəyərlərlə tanış olur və həyatı kəşf edirlər. Kitabda dostluq, dürüstlük, mərhəmət, ailə sevgisi kimi insani dəyərlər uşaqların asanlıqla qavraya biləcəyi bir dildə təqdim edilir. Rəngarəng illüstrasiyalar isə kiçik oxucuların təxəyyülünü canlandırır, hekayələri daha da yadda qalan edir.
“İlmənin Macəraları” kitabı Türkiyə türkcəsinə pedaqoq, Konya Səlcuq Universitetinin dosenti Təranə Həşimova tərəfindən tərcümə olunub.
Nəşrin Türkiyənin xalq və uşaq kitabxanalarına, eləcə də aparıcı məktəblərin kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur. Kitabı bu link üzərindən oxuya bilərsiniz
“Əbdürrəhim bəy Haqverdiyevin Teatr əsərləri” adlı kitabı Ankarada Türkiyə türkcəsində nəşr olunub
Azərbaycan ədibi, yazıçı, dramaturq, ictimai-siyasi və teatr xadimi, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndəsi, teatr xadimi, pedaqoq, ədəbiyyat tənqidçisi və klassiki “Əbdürrəhim bəy Haqverdiyevin Teatr əsərləri” adlı kitabı Ankarada Türkiyə türkcəsində nəşr olunub.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr edilən bu kitab, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, milli və mənəvi dəyərlərə, eləcə də gənc nəslin tərbiyəsinə bütün yaradıcılığı ilə xidmət etmiş Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərlərini özündə birləşdirir.
Yayımın tərcüməçiləri gənc türkiyəli tərcüməçi Atabəy Barış və azərbaycanlı akademik Təranə Haşimovadır.
Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin Türkiyə türkcəsində nəşri, Azərbaycan ədəbiyyatını öyrənmək istəyənlər üçün mühüm bir mənbə olacaq. Bununla yanaşı, bu nəşr, Azərbaycan yazıçılarının əsərlərinin Türkiyə teatrlarında səhnələşdirilməsi üçün yeni imkanlar yaradacaq.
“Əbdürrəhim bəy Haqverdiyevin Teatr Əsərləri” adlı kitabda müəllifin “Ac həriflər”, “Dağılan tifaq”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ağacın kölgəsində”, “Günahkar kim”, “Ədalət qapıları” və s. kimi pyesləri, həmçinin dramaturq Əbdürrəhim bəy Haqverdiyevin həyatı və ədəbi fəaliyyəti ilə bağlı arxiv fotoşəkilləri yer alır.
Kitabda qeyd olunur ki, Azərbaycan dramaturgiyasının maarifçilik dövrü XIX əsrin sonlarından başlanaraq, növbəti mərhələsində ədəbi yaradıcılığa başlayan tanınmış oyun yazıçısı və realist ədəbiyyatımızın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin zəngin ədəbi fəaliyyəti, dramatik əsərləri, satirik və yumoristik hekayələri ilə məşhurlaşmış və ədəbiyyatımıza mühüm töhfələr vermişdir.
Əbdürrəhim bəy Haqverdiyevin əsərləri – pyesləri Azərbaycan milli dramaturgiyasının, teatr mədəniyyətinin, Şərq teatr məktəbinin inkişafına və Türk dünyası xalqları arasında ədəbi əlaqələrin möhkəmlənməsinə böyük xidmətlər göstərmişdir.
Nəşrin Türkiyədə təqdimatı, eləcə də aparıcı kitabxanalara, elmi və təhsil müəssisələrinə hədiyyə edilməsi planlaşdırılır. Kitabı bu link üzərindən oxuya bilərsiniz
Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Ankarada Türkiyə türkcəsində nəşr olundu
Böyük Azərbaycan şairi və Türk dünyasının mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” adlı əsəri orijinalından Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunmuşdur.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və Türk dünyasının tanınmış mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sində yer alan bütün əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcümə edilərək nəşri istiqamətində genişmiqyaslı layihə həyata keçirilir.
Nizami Gəncəvinin “Xəmsə”sində yer alan əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi Ərzurum Atatürk Universitetinin şöbə müdiri, professor və tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi çərçivəsində böyük Nizami Gəncəvinin “Leyli və Məcnun” adlı əsəri Ankarada türkcəyə tərcümə edilərək nəşr olunmuşdur.
Professor və tərcüməçi Nimet Yıldırım kitabın “Önsöz”ündə Nizami Gəncəvini Azərbaycan mədəniyyətinin və bütün Türk dünyasının qüruru, ədəbiyyatımızın inkişafına müstəsna təsir göstərmiş parlaq bir şəxsiyyət kimi xarakterizə etmiş, şairin “Leyli və Məcnun” əsəri ilə Şərqin möhtəşəm məhəbbət dastanını yaratdığını vurğulamışdır.
Böyük Nizaminin doğulduğu qədim Azərbaycan şəhəri Gəncənin Orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqdə mühüm elm, ədəbiyyat və mədəniyyət mərkəzi kimi tanındığını qeyd edən Yıldırım, şairin bütün ömrünü Gəncədə yaşadığını və orijinal əsərlər yaradaraq poeziya aləminə misilsiz töhfələr verdiyini bildirmişdir.
Azərbaycanın klassik irsinin tanıdılması məqsədilə 2024–2025-ci illərdə dahi Nizami Gəncəvinin “İsgəndərnamə” və “Sirlər Xəzinəsi” adlı əsərləri də türkcəyə tərcümə edilərək Ankarada nəşr olunmuşdur.
Nəşr edilmiş kitabların Türkiyənin aparıcı kitabxanalarına, mədəniyyət mərkəzlərinə, elmi, təhsil və tədqiqat müəssisələrinə hədiyyə edilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi “Xəmsə”si ilə epik poeziyanın ölməz incilərini yaratmış, zəngin yaradıcılıq xəzinəsi ilə bəşəriyyət ədəbiyyatının zirvəsini fəth etmişdir. Kitabı bu link üzərindən oxuya bilərsiniz
Əhməd bəy Ağaoğluya həsr olunmuş araşdırma kitabı Türkiyədə nəşr olundu
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Azərbaycan–Türkiyə ictimai-mədəni münasibətlərində mühüm yer tutan Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitabı nəşr olunmuşdur.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tanınmış soydaşlarımızın irsinin araşdırılması, tədqiqi və təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan və Türkiyənin görkəmli ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas alimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətinə həsr olunmuş geniş tədqiqat işi aparılmışdır.
Layihə çərçivəsində indiyədək araşdırılmayan və nəşr olunmayan elmi-ədəbi məqalələr, xatirələr, memuarlar, gündəlik qeydlər, onun haqqında müsahibələr, habelə tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” adlı kitab Türkiyə türkcəsində nəşr edilmişdir.
Kitabı nəşrə hazırlayan azərbaycanlı tarixçi-araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməddir.
Kitabda ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında ədibin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə yer verilmişdir.
Qeyd olunmalıdır ki, nəşrdə toplanan materiallar Əhməd bəy Ağaoğlunun həyat yolu və şəxsiyyətini dərindən tanımaq istəyən oxucular, eləcə də tarix və mədəniyyət məsələlərinə fərqli baxış bucağından yanaşmaq istəyən tədqiqatçılar üçün böyük əhəmiyyət kəsb edir.
Kitabda ilk dəfə olaraq tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivinə aid sənədlər və fotoşəkillər də oxuculara təqdim edilmişdir.
Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada anadan olmuş, xalqın maariflənməsi istiqamətində mühüm xidmətlər göstərmiş Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşı olmuş, Anadolu Agentliyinin ilk direktorlar şurasına sədrlik etmiş, Türkiyədə ictimai-fəlsəfi məzmunlu bir sıra əsərlərin müəllifi kimi tanınmışdır.
Zengin Yayıncılık nəşriyyatında çap olunan kitabın Türkiyədə geniş təqdimat mərasimlərinin keçirilməsi, eləcə də ölkənin aparıcı universitetlərinə və kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur. Kitabı bu link üzərindən oxuya bilərsiniz