Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycan-Türkiyə mədəni əlaqələri (XX əsrin sonlarınadək)

Azərbaycan-Türkiyə mədəni əlaqələri əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda aktuallaşdı.
Uzun illər boyu Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmamışdır. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duymuşdur. Təsadüfi deyil ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməmişlər.
Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar Imanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.I. Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoymuşdur. Həmin operada German rolunu Lütfiyar Imanov ifa etmişdir.
Sonrakı illərdə Niyazi Türkiyədə P.I. Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim etmişdir. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl drijorlarından biri kimi qiymətləndirmişlər.
Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdir. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanmışdır. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdir. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin Istanbul, Ankara və Izmir şəhərlərində çox uğurlu çıxışlar etmişlər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazmışlar.
Azərbaycan – Türkiyə mədəni əlaqələrinin inkişafında 1964-72-ci illərdə Sovet Ittifaqı ilə Türkiyə arasında bağlanan mədəni-elmi saziş xüsusi rol oynamışdır. Məhz bu saziş imzalandıqdan sonra 1967-ci ildə XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar olaraq Bakıda keçirilən təntənəli tədbirdə Türkiyənin də mötəbər elm, mədəniyyət xadimləri iştirak etmək imkanı əldə etmişlər. Elə həmin ildə Bakıda Asiya və Afrika ölkələrinin yazıçılarının beynəlxalq konfransı təşkil olunmuş və bu tədbirdə də Türkiyə nüməyəndələrinin iştirakına şərait yaradılmışdır.
Türkiyə– Azərbaycan mədəni əlaqələri 1973-cü ildə Nəsiminin yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirdə yeni mərhələyə qədəm qoydu. Bu səfərdə Türk nümayəndələri Azərbaycanın mədəni həyatı ilə daha yaxından tanış oldular. Hətta, türk şairi Fazil Hüsnü Dağlarca Bakıya, Göygölə şerlər həsr etdi.
Sovet hakimiyyəti illərində Azərbaycanla Türkiyənin birbaşa mədəni əlaqələri 1987-ci ildə baş tutdu. Belə ki, 1987-ci ilin iyulunda Azərbaycan Respublikasının Mədəniyyət Naziri Zakir Bağırov Türkiyənin Mədəniyyət Naziri Məsud Yılmazla Ankarada görüşdü və bu görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu.
Ermənistanın Azərbaycan ərazisinə təcavüzü zamanı qardaş Türkiyə Dövləti ilə Azərbaycan arasında əlaqələr daha da genişləndi. 1990-cı ilin yanvar ayında Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu ilə Türkiyənin Mədəniyyət Naziri N. K. Zeybək arasında mədəni əməkdaşlıq haqqında saziş imzalandı. Elə bu sazişə əsasən 1990-cı ildə Türkiyədə Azərbaycanın mədəniyyət günləri keçirildi. Həmin vaxt Türkiyə əhalisi Azərbaycanın bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaxından görüşmək imkanı əldə etdi.
1988-ci ildə Bakı ilə qardaşlaşmış İzmir şəhərində Bakı günləri keçirilib. Azərbaycan İncəsənət xadimləri türk tamaşaçılarına qardaşlaşmış şəhərlər xətti ilə konsertlər veriblər…
1989-cu ildə Gəncə və Naxçıvan Türkiyənin Bursa şəhəri ilə dostluq və mədəni əlaqələri inkişaf etdirmək haqqında proqram imzalayıblar.
Hələ sovet dövründə Azərbaycanda Yaşar Kamal, Orxan Kamal, Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Əziz Nesin kimi türk yazarlarının əsərləri populyar olub və dəfələrlə nəşr edilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib.
1990-cı ildə Türk filosofu, sufi şair Yunis Imrənin 700 illik yubileyi münasibəti ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi mərhum Hüseyn Arifin rəhbərliyi ilə bir qrup aşıq sənətçilərimiz Əskişəhərdə, Ankarada və Mələkkədə çıxışlar etdilər. Həmin vaxt «Şairlər şöləni» adlı poeziya bayramında həm aşıqlarımız, həm də bir çox şairlərimiz iştirak etdilər. Bu təntənəli mədəni- kulturoloji tədbirlər zamanı Azərbaycan və Türkiyə sənətkarları arasında yaradıcılıq əlaqələrini inkişaf etdirdiyinə görə şair Hüseyn Arif «Kamal Atatürk Qızıl medalına» layiq görülmüşdür.
1991-ci il martın 18 -25-də Azərbaycanda növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Türkiyə kollektivinin də uğurla çıxış etməsi, İstanbulda məşhur “Pera palas” otelinin bədii kollektivinin Bakıda konsertlər verməsi, məşhur türk müğənnisi Barış Mançonun Bakıda konsert proqramı ilə çıxış etməsi Azərbaycan-Türkiyə mədəni əlaqələrinin bariz nümunəsidir.
Türkiyə öz qardaşı Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu. Qardaş ölkələrimizin dövlət başçıları arasında mövcud olan yaxın dostluq münasibətləri, onların siyasi iradəsi və qətiyyəti bu gün iki ölkə arasında hərtərəfli əməkdaşlığın dərinləşməsinə güclü təkan verməkdədir.

Ulu Öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində türk dili kafedrasının yaradılması, Bakıda “Türkologiya” jurnalının nəşri, bir sıra kolleclərdə türk dilinin tədrisi, Türkiyə Azərbaycan türkcəsinin öyrənilməsi qarşılıqlı mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradıb.
2 noyabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində dahi Azərbaycan şairi Məhəmməd Füzulini anma mərasimi keçirilib və mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev tədbirdə çıxış edib. Eyni zamanda Azərbaycan Prezidenti Bilkən Universitetində Füzulinin 500 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak edib.
Turk dramaturqlarının əsərlərinin Azərbaycan teatrındakı tamaşaları, eləcə də son illərdə Azərbaycan dramaturgiyasının Turkiyə teatrlarında səhnə şərhini tapmış numunələri teatrlarımızın yaxınlaşmasında müstəsna əhəmiyyət kəsb edir.

 

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları