Azərbaycan-Türkiyə mədəni əlaqələri
(2024-2025-ci illər)
06 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncamı və iki ölkə arasında Mədəniyyət Nazirlikləri arasında mədəniyyət sahəsində imzalanmış 2024 və 2025-ci il Yol Xəritələrinə əsasən 2024-2025-ci illərdə Azərbaycan-Türkiyə arasında mədəni əlaqələr sahəsində yeni imkanlar açıldı.
Reallaşdırılan layihələr və həyata keçirilən tədbirlər: 2024-cü il üzrə
• Azərbaycanın Türkiyədəkı Mədəniyyət Mərkəzi 01.04.2024–cü il tarixindən fəaliyyətə başlamışdır.
• 7 may tarixində Ankaranın ən böyük bələdiyyələrindən biri olan Keçiören Bələdiyyəsi tərəfindən keçirilmiş Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulmuş Azərbaycan milli stendində qonaqlara milli mədəniyyətimizə aid suvenirlər və nəşrlər, eləcə də milli mətbəxə aid yemək və şirniyyatlar təqdim edilib. Müxtəlif ölkələrin rəqs kollektivlərinın iştirak etdiyi Festivalın konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblının hazırladığı “Uzundərə”, “Naz eləmə” kimi Azərbaycan milli rəqsləri nümayiş etdirilib. 25 May 2024-cü il tarixində Azərbaycanın Müstəqillik günü münasibəti ilə Türkiyə Prezidentinin Konqre ve Kültür Mərkəzində geniş bayram konserti təşkil edilmişdir. Tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi, onun nəzdindəki Hərbi Ataşelik və Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Konsert proqramında Azərbaycanın tanınmış sənətçiləri, habelə Azərbaycan Dövlət Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
• 6-9 İyun tarixlərində İstanbulda keçirilmiş VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi geniş təmsil edib. Festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan milli çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər nümayiş etdirilib və milli çadır qonaqların böyük marağına səbəb olub.
Tədbirdə İsmayıllı rayonundan xalçaçı Ruhiyyə Süleymanova, Bakıdan miniatür rəsmlərin yaradıcısı, rəssam İlahə Cəfərli və Qəbələ rayonundan ağacoyma ustası Şahin Rəhimov sahələr üzrə əl işlərinin yaradılma prosesini canlı olaraq qonaqlara nümayiş etdiriblər.
Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları tamaşaçılara təqdim olunub. Festivalda Azərbaycan milli çadırına maraq böyük olub və Azərbaycan geniş təbliğ olunub.
• 25 iyun tarixində Türkiyədə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi nümayiş olunub. Sərgi Azərbaycandan “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü, ölkəmizin İstanbuldakı Baş konsulluğu, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Layihəyə əsasən Qərbi Azərbaycanın azərbaycanlılara məxsus, o cümlədən Türk dünyasının ortaq mədəni irsinin inciləri sayılan tarixi memarlıq abidələri, zəngin mədəni irs incilərinin elementlərini özündə birləşdirən dekorativ tətbiqi sənət nümunələrinin hazırlanması və təbliği, eləcə də Türkiyədə tanıdılması nəzərdə tutulmuşdur. İstanbuldakı Valide Sultan gəmisində keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək xalqımızın min illər boyu Qərbi Azərbaycan torpaqlarında yaratdığı zəngin mədəniyyəti, mədəni irsi haqqında danışmış, habelə Qərbi Azərbaycan rəqsləri, sənət nümunələri, şirniyyatlarımız iştirakçılara təqdim olunmuşdur.
• 27 iyun tarixində İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” fərdi sərgisinin açılışı olub. Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycandakı Atatürk Mərkəzi, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası, “Yeni Gallery” Bakı Sənət Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə keçirilib. Tədbirdə İstanbuldakı dövlət nümayəndələri, müxtəlif bələdiyyələrin rəhbərliyi, ictimaiyyət təmsilçiləri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Mərasimin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Xəzər” Azərbaycan Xalq Rəqsləri Ansamblının rəqqasları tərəfindən milli rəqslərimiz ifa edilib, müğənni Vüsalə Əsgərovanın ifasında musiqilərimiz səsləndirilib.
Rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə sənətkarın əsasən portret, natürmort, məişət və tarixi janrlarda yaratdığı Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər, “Bir millət, iki dövlət” kəlamı, Azərbaycan–Türkiyə qardaşlığı, xalqımızın məişəti, adət-ənənələri, mədəniyyətini tərənnüm edən səksənə yaxın bоyakarlıq və qrafika əsərləri nümayiş olunur. Sərgilənən kolleksiyada Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də iki qardaş dövlətin ölkəmizin müstəqillik tarixində müstəsna rol oynamış hərbi komandanlarının portretləri də yer alıb.
• 29-31 avqust tarixlərində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Antalya və Marmaris şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri keçirilib. Lahiyə çərçivəsində 29 avqust tarixində Marmaris şəhərində açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
Çoxsaylı yerli sakinlərin və turistlərinin iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti və turizminə dair videomaterial nümayiş etdirilib.
Tədbirdə çıxış edən Marmaris valisi Nurullah Kaya və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər.
Proqramda Türkiyənin məşhur müğənniləri ilə yanaşı, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova milli musiqi əsərlərimizi ifa edib. İfalar əsnasında Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair videomateriallar nümayiş olunub.
Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdı Qara dəniz” mahnısının ifası tamaşaçıların alqışları ilə müşayiət edilib. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş mahnılar maraqla qarşılanıb.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi sənətimiz, keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” haqqında məlumat verilib.
Tədbirdə məşhur sənətçi, məşhur Türkiyəli sənətçi, “Elvedasız şarkılar” layihəsinin müəllifi Bora Gencer də konsert proqramı ilə çıxış edib.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi təqdim edib.
Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencerin ifaları dinlənilib. Tədbirin qonaqları olaraq konsert proqramında iştirak edən Türkiyənin Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon kimi məşhur müğənniləri öz musiqi əsərlərini səsləndiriblər.
Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşayiət olunub.
• Cari ilin 1 sentyabr tarixində Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin açılış mərasimi və möhtəşəm konsert proqramı təşkil olunub.
Tədbirə Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi dəstək göstərib. Antalyada dövlət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya Valisi başçısı Hulusi Şahin iki dövlət arasında yüksəksəviyyəli münasibətlər və əməkdaşlıqdan danışaraq Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya örnək olduğunu vurğulayıblar. Çıxışçılar Türkiyədə Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edərək ilk dəfə olaraq Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin bölgədə Azərbaycan milli mədəniyyətinin daha da yaxından tanımağa imkan yaradacağını söyləyiblər.
Sonra Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm gözəlliklərinə dair videomaterial nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram tədbir iştirakçılarına təqdim olunub.
Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevanın Azərbaycan-Türkiyə qardaşlığı mövzusuna dair monoloqu tamaşaçıların alqışları ilə qarşılanıb. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli musiqilərimizi ifa ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı “Azərbaycan suitası”, “Uzundərə”, “Şuşanın dağları” adlı milli rəqslərimizi, habelə nağara və qabalçıların çıxışı təqdim olunub.
• “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq 31 avqust tarixində Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılıb.
Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid tarix-milli qadın baş örtüyü olan kəlağayılar, milli geyimlərimiz nümayiş etdirilib, Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.
• 13-15 sentyabr tarixlərində Antalya şəhərində keçirilən Yörük Türkmen Festivalında Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmiz geniş bədii proqramla təmsil olunmuşdur. 350 mindən artıq ziyarətçinin, çoxsaylı türk xalqlarının qatıldığı Festivalda Azərbaycan milli çadırı təşkil olunmuş, çadırda ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş sərgilənmiş, tədbir iştirakçılarına milli şirniyyatlarımız təqdim edilmişdir. Üç gün davam edən Beynəlxalq festival ərzində müxtəlif xalqları təmsil edən nümayəndə heyətləri milli geyimlər və dövlət bayraqları ilə Antalyanın mərkəzi hissəsində yürüş edib, milli çadırlar qurulub, xüsusi konsert proqramları təşkil olunub.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ölkələrilə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunub.
19 ölkənin iştirakı ilə təşkil edilən festival Cümhuriyyət meydanında keçirilib. Türkiyənin və dünyanın hər yerindən gələn qonaqlar atlar, dəvələr, həmçinin, Yörük mədəniyyətini əks etdirən geyimlərlə və dövlət bayraqları ilə Antalya küçələrində rəngarəng görüntülər yaradıblar.
Türk dünyasının hər yerindən yörüklər və türkmənlər öz yerli musiqi və rəqslərini köçdə təqdim ediblər. Mərasimdə Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek, millət vəkilləri, bələdiyyə başçıları, Yörük-Türkmən dərnəyinin nümayəndələri və çoxlu sayda qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzi, Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkil etdiyi Azərbaycan Milli Çadırı içərisində sərgilənən dəyərli mədəniyyət nümunələri, əl işləri, Azərbaycan xalçaları, milli musiqi alətləri, milli geyimlər, Azərbaycan tarixi və mədəniyyətinə dair müxtəlif kitablar sərgilənib, qonaqlara milli şirniyyatlarımız təqdim olunub.
Festival çərçivəsində azərbaycanlı sənətçilərin konsert proqramı keçirilib. Xalq artisti Azərin, Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, Mərkəzin “Xəzər” xalq rəqsləri ansamblı və tarzən Pərviz Musayevin iştirak etdiyi konsert alqışlarla qarşılanıb.
Tədbirdə Türk dünyası arasında həmrəylik, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən mahnılar, “Azərbaycan süitası”, “Cəngi” rəqsləri və digər musiqi nömrələri təqdim edilib.
• 9 oktyabr tarixində Ankara Qazi Universitetində Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, ədəbi dilimizin banilərindən olan dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin zəngin irsinə həsr olunmuş Beynəlxalq Simpozium keçirilib.
Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi çərçivəsində təşkil olunmuş tədbir Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Simpoziumda alim, yazıçı və şairlərlə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türk Mədəniyyətinin Tədqiqi İnstitutunun direktoru, professor Bican Ercilasun, Əmrə Yunus İnstitutunun direktoru, professor Abdurrahman Ali, Qazi Universitetinin rektoru Uğur Ünal iştirak ediblər.
Bildirilib ki, Füzuli irsi ədəbiyyat və fəlsəfənin zirvəsi olmaqla yanaşı, həm də Türk dünyasını birləşdirməkdə yüksək xidmətlər göstərib.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.
İ.Həbibbəyli çıxış edərək deyib ki, Füzuli qəzəlləri əsasında muğam sənəti 500 ildir ki, inkişaf edir.
“TRT Türkü” radiokanalının “Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin əsərlərindən ifalar edib. Azərbaycanlı müğənni, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI “Muğam” müsabiqəsinin qalibi Almaxanım Əhmədli, tarda Səxavət Məmmədov, kamançada Elvin Novruzov, elektropianoda Elxam Baxışov isə Füzulinin qəzəllərindən ibarət musiqi nümunələri səsləndiriblər.
Cari ilin 15 oktyabr tarixində İzmirdə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunmuş Türk dünyası mətbuat simpoziumu keçirilib. Ege Universiteti, Yunus Əmrə İnstitutu, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Avrasiya Yazarlar Birliyi və digər qurumların dəstəyi ilə keçirilən simpoziumda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan ədəbiyyat xadimləri və milli mətbuat tarixi tədqiqatçıları iştirak edib. Tədbir mövzu ilə bağlı panel iclasında təqdim olunan məruzələrlə davam edib.
• 16-18 oktyabr tarixlərində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən İzmir və İstanbul şəhərlərində təşkil edilən “Azərbaycan incəsənətini günü” tədbirləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
17 oktyabr tarixində Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan İncəsənəti Günü” tədbirləri İzmirin Egey Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində baş tutub.
Proqramın bədii hissəsində Azərbaycanın xalq artistləri Gülyaz Məmmədova, balabanda Əlixan Səmədov, populyar müğənnilər Fidan Hüseynova, İzzət Bağırov, tarzən Abdullah Qurbani, kamança ustası Möhsin Qurbani, aşıq Arzu Qurbani milli musiqiləri ifa ediblər.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin “Xəzər” rəqs ansamblı “Uzundərə”, “Turacı”, “Qardaşlıq rəqsi” adı altında rəngarəng rəqsləri təqdim ediblər.
Mərasimdə şəhər ictimaiyyəti, rəsmi qonaqlar, elm, təhsil və mədəniyyət sahəsinin nümayəndələri, universitetin müəllim-tələbə heyəti və digərləri iştirak ediblər.
Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki səfirliyimiz və qardaş ölkənin müxtəlif aidiyyəti qurumlarının dəstəyi ilə təşkil olunub.
“Azərbaycan İncəsənəti Günü” tədbirləri çərçivəsində Ege Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində Azərbaycan milli geyimlərinin nümayişi olub.
Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin şəxsi kolleksiyasından seçilən ənənəvi tarixi Azərbaycan geyimləri Qarabağ şikəstəsinin sədaları altında universitetin ədəbiyyat fakültəsinin tələbələri tərəfindən təqdim edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Könül Vəlibəyli milli geyimlərimiz haqqında məlumat verib.
• 18 oktyabr tarixində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən İzmir və İstanbul şəhərlərində təşkil edilən “Azərbaycan incəsənətini günü” tədbirləri çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzinin teatrlar sərgi salonunda milli geyimlərimiz, milli xalçalarımızdan ibarət sərgi təşkil edilib. Xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus olan və özündə Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – oğul Zəfəri” adlı ikiüzlü xalça (dünyada analoqu yoxdur) sərgilənib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulovanın Azərbaycanı bölgələr üzrə təmsil edən 9 qadın geyiminin dəfiləsi nümayiş olunub. Tədbirlər çərçivəsində xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus olan və özündə Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – oğul Zəfəri” adlı ikiüzlü xalçalar (dünyada analoqu yoxdur) sərgilənib. Həmçinin qonaqlara Azərbaycanın milli kulinariya nümunələri təqdim edilib.
İstanbul şəhərlərində təşkil edilən “Azərbaycan incəsənətini günü” tədbirləri çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzinin konsertlər sarayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert təqdim olunub.
Konsert proqramında Azərbaycanın Əməkdar artist Dilarə Əliyeva “Azərbaycan-Türkiyə qardaşlığı” monoloqu təqdim olunub, Azərbaycanın xalq artistləri Gülyanaq Məmmədova, balaban ustası Əlixan Səmədov, əməkdar artist, dirijor, pianoçu Turan Manafzadə, solist Vüsalə Əsgərova, xanəndə Çinarə Məlikzadə, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani, Tarzən Pərviz Musayev milli musiqilərimizi, Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı milli rəqslərimizi ifa ediblər.
Böyük maraqla qarşılanan tədbirlərdə çoxsaylı qonaqlar, eləcə də rəsmi qonaqlar, yerli azərbaycanlılar, elm, təhsil və mədəniyyət nümayəndələri iştirak ediblər.
• 8 noyabr tarixində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Ankaradakı Keçiören Bələdiyyəsinin birgə layihəsi ilə Azərbaycanın Zəfər gününə həsr olunmuş Ankarada Esterqon qalasında azərbaycanlı rəssam Pərvanə Əliyevanın “Keçiörən Rənglərində Azərbaycan” adlı sərgisinin açılışı olub.
Sərgidə Azərbaycan tarixinin müxtəlif dövrlərini, mədəniyyətimizi, zəfərimizi əks etdirən əsərlər nümayiş etdirilmişdir. Dünyanın müxtəlif ölkələrində fərdi sərgiləri olan Pərvanə Əliyevanın xüsusən dəri üzərində Qarabağ və türk dünyası mövzusunda yaradılmış əsərləri böyük marağa səbəb olmuşdur. Ankarada Keçiören Bələdiyyəsi tərəfindən keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.
2-6 noyabr tarixlərində 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycan ilk dəfə olaraq sərgidə “fəxri qonaq” kimi iştirak edib.
2 noyabr tarixində tədbirin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan milli stendi qurulub. Sərginin və Milli stendimizin açılışında Azərbaycan Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un baş katibi Sultan Rayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, o cümlədən Xalq yazıçıları Elçin Əfəndiyev və Çingiz Abdullayev, eləcə də 25 Azərbaycan nəşriyyatı iştirak edib.
Tədbir çərçivəsində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin ədəbiyyatına dair xüsusi layihələr təqdim ediləcək, mədəniyyət sahəsi üzrə müxtəlif zəngin proqramlı tədbirlər keçiriləcək. Azərbaycan stendində, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış nəşrlər sərgilənəcək.
3 noyabr tarixində İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə şərqşünas-alim Yevgeni Bertelsin Türk dilinə tərcümə edilmiş və çap olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub. Bundan başqa sərgi çərçivəsində Mərkəzin layihəsi ilə hazırlanan və Türk dilinə tərcümə edilmiş “Azərbaycan masalları” kitabının təqdimatı keçirilib.
4 noyabr tarixində k sərgidə “Səninləyik Türkiyə”, “Mövlud”, “Mən burdayam, İlahi” və TÜRKSOY-un ərsəyə gətirdiyi “Aşıq Mikayıl Azaflı” seçmə şeirləri ictimaiyyətə təqdim olunub.
• 29 noyabr – 8 dekabr tarixlərində 21-ci Ankara Kitab Sərgisi keçirilib. Azərbaycan bu mötəbər mədəniyyət tədbirində – kitab sərgisində də “Fəxri qonaq” kimi iştirak edib və ölkəmizi tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Ankaradakı ATO Congresium Sərgi Mərkəzində keçirilən sərgidə Azərbaycanın milli stendi yaradılıb, Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi ilə çap olunan nəşrlər və müxtəlif nəşriyyatlarımızın nəşrləri sərgilənib. Sərgi çərçivəsində hər iki ölkənin alimlərinin iştirakı ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Nizami Gəncəvinin ədəbi irsi: Azərbaycan-Türk dünyası ədəbiyyatının fəxri, dünya poeziyasının incisi” mövzusunda Beynəlxalq konfrans keçirilib.
Həmçinin Ankara Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “İskəndərnamə” əsərinin təqdimatı keçirilib. Əsəri orjinaldan Türk dilinə çevirən tərcüməçilik sahəsində böyük təcrübəsi olan Ərzurum Atatürk Universitetinin Fars dili və Ədəbiyyatı bölümünün rəhbəri, dr. Professor Nimet Yıldırımdır.
21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dilinə tərcümə edilmiş Məhəmməd Füzulinin “Füzuli divanı” adlı kitabının təqdimatı keçirilib. Kitabın tərcüməçiləri Qazi Universitetinin professorları İsmet Çetin və Halil Çeltikdir.