Azərbaycan Mədəniyyət Mərkəzi

Vətən müharibəsi
(İkinci Qarabağ müharibəsi)

Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Azərbaycanın işğal olunmuş ərazilərində davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür.

Formal olaraq, 2016-cı ildən sonra Madrid prinsipləri yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı etdi. Tonoyanın bəyanatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.

23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi.

Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Azərbaycanın Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə, ciddi ziyan dəydi, mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar oldu. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirlərinə başladılar.

Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.

Baş verən döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. 4 oktyabrda Cəbrayıl rayonu azad edildikdən sonra Ermənistan ordusu cəbhənin cənub istiqamətində sonrakı döyüşlərin də gedişatına təsir edən uğursuz həmləyə, Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi “Lələtəpə” yüksəkliyini geri almağa cəhd etdi. Əks-hücum cəhdi nəticəsində Ermənistan ordusunun bir tank polku darmadağın edildi, 800-dən çox hərbçisi məhv olundu (ümumilikdə yaralılarla birlikdə 1500-2000-ə qədər itki verildi) və həmin uğursuz əks-hücum cəhdindən sonra Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçmağa üz tutdular.

Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir.

İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktyabrın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

İkinci Qarabağ müharibəsində Tərtər dəfələrlə raket atəşinə tutuldu, şəhər bombalandı, mülki insanlar şəhid oldu, yaralandı, evlər dağıldı, fərdi təsərrüfatlara ciddi ziyan dəydi. Amma Tərtər düşmənə boyun əymədi…

Şəhər əhalisi xüsusilə Suqovuşanın azad olunmasından sonra ermənilərdə yaranan nifrətin hədəfinə çevrildi. Tərtər və ətraf ərazilərə 44 gün ərzində 16277 top mərmisi və 21 raket atıldı.

Dövlət qurumlarının binaları, onlarla ev istifadəyə yararsız hala düşdü. Lakin bütün təxribatlara, hədə-qorxuya baxmayaraq, Tərtərin mərd əhalisi əsl qəhrəmanlıq nümunəsi göstərdi, heç vaxt düşmən qarşısında əyilmədi.

Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.

Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altında olan digər ətraf əraziləri (Kəlbəcər, Ağdam və Laçın rayonlarını) Azərbaycana qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Təxminən 2000 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca, həm də Azərbaycanın etnik ermənilər yaşayan Xankəndi şəhəri, Xocavənd rayonun bir hissəsi, Xocalı və Kəlbəcər rayonunun bir hissəsi (keçmiş Ağdərə rayonu) ən azı 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlı qüvvələr olaraq yerləşdirildi.

İmzalanan müqaviləyə əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb.

Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib.[138] Azərbaycan pilotsuz An-2 təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi. Azərbaycan Ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir. Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün “Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu” haqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2-3 həftəsindən sonra onların “vurduqları hərbi təyyarələrin” sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqe rayonunu üzə çıxarır. Ardınca Azərbaycan Ordusu həmin hava hücumundan müdafiə sistemini məhv edir.

Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Azərbaycan ordusu pilotsuz aparatlardan müxtəlif məqsədlər üçün istifadə edirdi. Onlar üç-dörd növ olurdu. Biriləri artilleriya atəşlərini yönləndirirdi, PUA-lar gəlirdi və 4 dəqiqə sonra artilleriya ermənilərin mövqelərinə dəqiq zərbələr endirirdi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir.

Ermənistan tərəfinin məlumatlarına əsasən döyüşlərdə 1120 hərbçi həlak olmuşdur. Əslində isə Ermənistanın itkiləri dövlətin elan etdiyi rəqəmlərdən 4-5 dəfə çox idi. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub.

Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.

Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni milisləri yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü iddia etmişdir. 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü iddia etdi. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var.

Müharibənin ilk günlərindən etibarən, bir sıra beynəlxalq mətbuat orqanlarında, dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Ermənistana yollandığına dair məqalələr dərc olundu. Əsasən Livan,Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur.

Bundan əlavə, 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.

Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan tərəfi beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Azərbaycan Ordusu əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Əslində Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoymuşdur.

Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb.

Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Azərbaycan dövləti 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

 

Türk Böyükləri

Dəstəkçilərimiz

Azərbaycan xalçaları