Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri

Azərbaycan Mədəniyyət Mərkəzinin əsas fəaliyyət istiqamətləri

Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin milli-mədəni irsinin Türkiyədə tanıdılması, Azərbaycan–Türkiyə mədəni əlaqələrinin inkişaf etdirilməsi və iki qardaş xalq arasında mədəni körpülərin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Milli mədəniyyətin tanıdılması

Mərkəz Azərbaycanın zəngin mədəni irsini, tarixini, ədəbiyyatını, incəsənətini, musiqisini və milli-mənəvi dəyərlərini Türkiyə ictimaiyyətinə təqdim edir. Azərbaycan mədəniyyətinin festivallarda, beynəlxalq mədəniyyət tədbirlərində, universitetlərdə, muzeylərdə, kitabxanalarda və digər mədəni platformalarda geniş şəkildə tanıdılmasına və təbliğinə dəstək göstərir.

Mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi

Mərkəz Azərbaycan–Türkiyə arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfə verir, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün layihələr həyata keçirir. Dövlət və yerli idarəetmə orqanları, mədəniyyət müəssisələri, universitetlər, dərnəklər və yaradıcı birliklərlə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir.

Azərbaycan dilinin təbliği

Azərbaycan dilinin Türkiyədə tanıdılması və təbliği Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Azərbaycan dili kursları, nəşrlər, maarifləndirici layihələr, ədəbi görüşlər və müxtəlif mədəni proqramlar həyata keçirilir. Azərbaycan dilinin və dil irsinin gələcək nəsillərə çatdırılması istiqamətində layihələr reallaşdırır.

Azərbaycan ədəbiyyatı və kitab mədəniyyətinin təbliği

Mərkəz Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasına, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyə Türkçəsinə tərcümə və nəşr edilməsinə, kitab təqdimatlarının, sərgiləri, ədəbi görüşlərin, müsabiqələrin, müzakirələrin və mütaliə layihələrinin təşkilinə xüsusi diqqət yetirir. Azərbaycan haqqında Türkiyə Türkçəsinə keyfiyyətli və etibarlı məzmunun artırılması, Azərbaycan ədəbi və elmi irsinin geniş auditoriyaya çatdırılması istiqamətində layihələr həyata keçirir.

Mədəni tədbirlərin və layihələrin təşkili

Mərkəz Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini əhatə edən konfrans, seminar, simpozium, görüş, təqdimat, sərgi, konsert, tamaşa, film nümayişi, kitab təqdimatı və digər mədəni tədbirlər təşkil edir. Azərbaycan sənətçilərinin, yaradıcı şəxslərinin və mədəniyyət nümayəndələrinin Türkiyədə keçirilən festival və beynəlxalq mədəni tədbirlərdə iştirakına dəstək göstərir.

Azərbaycan–Türkiyə ortaq mədəni irsinin təbliği

Mərkəz iki qardaş xalqın ortaq dəyərləri, mədəniyyəti, tarixi, ədəbi, musiqi irsinin araşdırılması və təbliğinə xüsusi əhəmiyyət verir.

Qalıcı mədəniyyət layihələrinin reallaşdırılması

Mərkəz yalnız tədbirlərin keçirilməsi ilə kifayətlənməyərək, Azərbaycan mədəniyyətinin uzunmüddətli və davamlı şəkildə tanıdılmasına xidmət edən qalıcı mədəniyyət layihələrinin yaradılmasına xüsusi önəm verir. Azərbaycan bölmələrinin kitabxana və muzeylərdə yaradılması, sərgi və guşələrin təşkili, nəşrlərin hazırlanması, rəqəmsal mədəniyyət resurslarının formalaşdırılması, tanınmış mütəfəkkirlərin adlarının əbədiləşdirilməsi, informasiya platformalarında Azərbaycanla bağlı məzmunun zənginləşdirilməsi istiqamətində işlər həyata keçirir.

Gənclər və yeni nəsillə mədəni əlaqələr

Mərkəz Azərbaycan və Türkiyə gəncləri arasında mədəni əlaqələrin inkişafına, gənclərin Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına və mədəni layihələrdə fəal iştirakına şərait yaradır.

 

 

Azərbaycan dili biliklərini yoxla

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları

Azərbaycan musiqisi

Tarixi abidələr