“Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı
“Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyənin İğdır şəhərində “Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı yaradılıb.
İğdır Valiliyinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan–Türkiyə mədəni əlaqələrini daha da genişləndirmək, milli mədəniyyətimizi Türkiyədə təbliğ etmək, iki qardaş xalqın ortaq dəyərlərini gənc nəsillərə çatdırmaq və teatr sənəti vasitəsilə mədəni əlaqələri gücləndirməkdir. Eyni zamanda “Bir millət – iki dövlət” ideyasının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsinə yüksəldilməsində və Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsindəki tarixi rolunu, Türk dünyasının ortaq dəyərlərini, mədəniyyətini, teatr ənənələrini tanıtmaqdır.
Teatrın bədii rəhbəri Azərbaycanın Əməkdar artisti, rejissor, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi Tofiq Seyidovdur.
“Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı öz repertuarında Azərbaycan–Türkiyə qardaşlığını, ortaq tariximizi və milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlərə, həmçinin Azərbaycan və Türkiyə müəlliflərinin yaradıcılığına geniş yer verəcək.
Teatrın fəaliyyəti gələcəkdə İğdırla yanaşı, Türkiyənin digər şəhər və bölgələrində keçirilən mədəni proqramlarda da Azərbaycan mədəniyyətinin təqdim olunmasına xidmət edəcək.
2026-cı il 15 aprel tarixində İğdırda “Bir Millət İki Dövlət” Azərbaycan-Türkiyə Gənclər teatrı tərəfindən tamaşa səhnələşdirilmişdir. İğdır şəhərində yerləşən Mədəniyyət Mərkəzində sözügedən teatr tərəfindən Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası səhnələşdirilmişdir.
Əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur.
Çoxsaylı dövlət və ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar tərəfindən tamaşa böyük maraqla qarşılanmışdır.




