XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində görkəmli Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Hüseyn Cavidin əsərlərindən ibarət, Türkiyə türkcəsində Ankarada nəşr olunmuş “Hüseyn Cavid – Pyeslər” adlı kitabın təqdimatı keçirilib.
Oktyabrın 24-də, şairin doğum günündə təşkil olunan təqdimat mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Ankarada “Perge” nəşriyyatı tərəfindən çap edilən kitabın Hüseyn Cavidin ədəbi irsinin Türkiyədə və bütövlükdə Türk dünyasında daha geniş oxucu auditoriyasına çatdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Akademik Rafael Hüseynovun redaktorluğu və ön söz müəllifliyi ilə nəşr olunan kitabın birinci cildinə dramaturqun altı pyesi, eləcə də geniş giriş yazısı və elmi izahlar daxil edilib.
Təqdimat mərasimində çıxış edən akademik Rafael Hüseynov Hüseyn Cavidin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük dramaturqu və mütəfəkkiri olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsini təmin etməklə böyük sənətkarı ikinci dəfə öz xalqına qovuşdurduğunu qeyd edib.
Akademik Hüseyn Cavidin Türkiyə ilə möhkəm ədəbi əlaqələrinə də toxunaraq, onun zəngin irsinin yaşadılması və təbliğinin dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanıldığını bildirib. Rafael Hüseynov, həmçinin “Hüseyn Cavid – Pyeslər” kitabının növbəti cildlərinin də nəşr olunacağını diqqətə çatdırıb.
Üç cilddən ibarət olması nəzərdə tutulan külliyyatın sonrakı cildlərində Hüseyn Cavidin digər pyeslərinin, şeirlərinin, məktublarının, məqalələrinin və publisistik yazılarının nəşri planlaşdırılır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin Azərbaycanın milli-mədəni irsinin Türkiyədə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışaraq, klassik Azərbaycan ədəbiyyatı nümunələrinin Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Samir Abbasov bu layihənin Hüseyn Cavidin yaradıcılığının Türkiyədə daha yaxından tanınmasına mühüm töhfə verəcəyini bildirib.
Kitabın tərcüməçisi, Mərmərə Universitetinin müəllimi, dosent Mehdi Gəncəli də tərcümə prosesi ilə bağlı fikirlərini bölüşərək, Hüseyn Cavidin pyeslərinin Türkiyə teatrlarında səhnələşdirilməsi və böyük dramaturqun yaradıcılığının teatr aləmində layiq olduğu yeri tutması arzusunu ifadə edib.
Təqdimat zamanı Hüseyn Cavidin ədəbi irsinin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, “Hüseyn Cavid – Pyeslər” kitabı Ulu Öndər Heydər Əliyevə ithaf olunub.
Tədbirdə, həmçinin bu mühüm nəşr layihəsi çərçivəsində kitabın Türkiyədə də təqdimat mərasimlərinin keçiriləcəyi qeyd olunub.



