2026-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin və tarixi abidələrinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Bu irsin ən möhtəşəm nümunələrindən biri Türk dünyası və Şərq memarlığının nadir inciləri sırasında yer alan Şəki Xan Sarayıdır. XVIII əsrdə inşa edilmiş saray Şəki xanlarının keçmiş iqamətgahı olmaqla yanaşı, Azərbaycan memarlığının və dekorativ-tətbiqi sənətinin çatdığı yüksək səviyyəni nümayiş etdirən bənzərsiz tarixi abidədir. İkimərtəbəli saray altı otaqdan, dörd dəhlizdən və qarşı-qarşıya yerləşən iki eyvandan ibarətdir. Sarayın memarlığını fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri rəngli şüşə parçaları ilə bəzədilən, taxta hissələrin yapışqan və mismardan istifadə edilmədən birləşdirilməsi yolu ilə hazırlanan şəbəkə sənətidir. Həndəsi və nəbati naxışlar, ov və döyüş səhnələrini əks etdirən divar rəsmləri, zərif ornamentlər və qızılı işləmələr saraya bənzərsiz gözəllik bəxş edir.
Sarayın bədii tərtibatında müxtəlif dövrlərdə Azərbaycanın tanınmış ustaları, xüsusilə Şuşa və Şamaxı sənət ənənələrini təmsil edən sənətkarlar iştirak etmişlər. Bu baxımdan saray Azərbaycan xalqının qədim və zəngin sənətkarlıq ənənələrinin də mühüm nümunəsidir. Sarayın qarşısında vaxtilə mövcud olmuş bağdan günümüzə qədər gəlib çatan və sarayla eyni dövrə aid olduğu bildirilən iki əzəmətli çinar ağacı isə əsrlərdir bu memarlıq şah əsərinin səssiz şahidləri kimi ucalır. Şəki Xan Sarayı Azərbaycanın tarixi yaddaşını, memarlıq estetikasını və sənət dühasını yaşadan bənzərsiz milli irs nümunəsidir.
Bu qiymətli abidənin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin ortaq məsuliyyətidir.



