Tuzgölü Tələbə Birliyi Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət edib

Ankara Yıldırım Beyazıt Universitetinin Tuzgölü Tələbə Birliyi Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət edib. 

Proqram çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin müəllimi Dr. Şəhla İbişova çıxış edərək, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib.

Görüş zamanı Qazi Universitetinin müəllimi Dr. Sinan Demirtürk və Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi Dr. İlaha Qurbanlı çıxışlarında Azərbaycanın zəngin ədəbiyyatı və mədəni irsinə toxunaraq, son illərdə iki ölkə arasında mədəni əməkdaşlığın sürətlə inkişaf etdiyini və bu sahədə mühüm layihələrin reallaşdırıldığını qeyd ediblər.

Ankara Yıldırım Beyazıt Universiteti Tuzgölü Tələbə Birliyi adından danışan Dr. Şehriban Aygün bu cür ziyarətlərin Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin güclənməsinə töhfə verdiyini vurğulayıb. O, həmçinin universitet nəzdində Azərbaycana dair akademik araşdırmaları dəstəkləyəcək ixtisaslaşmış kitabxananın yaradılmasının vacibliyinə diqqət çəkib.

Ziyarətin davamında səmimi mühitdə keçən sual-cavab bölümündə Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra ziyarət proqramı çərçivəsində iştirakçılar “Azərbaycan Sənət Həftəsi” çərçivəsində təşkil olunan “Qardaşlığımız Əbədidir” adlı konsert proqramında iştirak ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ