Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında tariximizə dair ilk açıq dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Tədbirdə Qazi Universitetinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Azərbaycan dili kurslarının tələbələri və ziyalılar iştirak ediblər.
İlk öncə Azərbaycanın suverenliyinin təmin edilməsi, 44 günlük Vətən müharibəsi, qazanılan zəfərə dair qısa sənədli film nümayiş etdirilib.
Açıq dərsdə Türkiyəli tələbələr Oğuzhan Arslan və Zuhal Çelikkesenin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş təqdimatları dinlənilib.
Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqil və suveren dövlətə sahib olmaq üçün Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan danışıb. O, ölkəmizin müstəqilliyin ilk illərində yaşadığı çətinliklər, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edildiyini və dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olaraq möhkəmləndirildiyini vurğulayıb. S.Abbasov, Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyini bildirib. O, 30 ilə yaxın davam edən Ermənistan işğalının ölkəmizin bütün ərazisində suveren hüquqlarımızın həyata keçirilməsini mümkünsüz etdiyini və bu təcavüz, işğala cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsi, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, Azərbaycan ordusunun rəşadəti sayəsində əldə edilən qələbə və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatı sayəsində ərazi bütövlüyümüz, suverenliyimizin tam bərpa olunduğu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərimizdə təsbit edildiyini söyləmişdir.
Açıq dərsdə Türkiyə ilə tarixi qardaşlıq münasibətləri və inkişaf edən münasibətlər, mədəni əlaqələr barədə məlumat verilib.
Çıxış edən digər natiqlər Gazi Üniversitesi Təhsil Fakültesi dekanı prof. Dr. Ferudin Sezgin, Azerbaycan dili kursunun pedaqoqu, Qazi Universitetinin doktorantı Şehla İbişova, Türkiyədə Azerbaycanlı Tələbə Gənclər Təşkilatının sədri Elçin Cəfərli Konstitusiya və suverenliyin hər bir azad dövlət üçün müstəqil yaşamın əsas göstəricisi olduğunu söyləyərək, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsini müstəqillik tariximizdə önəmli hadisə kimi səciyələndiriblər.
Tədbirdə bu şərəfli yolda canlarını fəda edən insanların, şəhidlərin əziz xatirələri anılıb.
Açıq dərsdə Azərbayca dili kursunun tələbələri – Burkino Fasodan Mahama Kounanda, Türkiyən Merve İpek və Azərbaycanlı Sona Vəliyeva ana dilimizdə “Azərbaycan” şeirini ifa ediblər.




