Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə universitetləri arasında dahi Azərbaycan şairi, Türk dünyasının mütəfəəkkiri Nizami Gəncəviyə həsr olunan “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə keçirilməkdədir.
Müsabiqənin əsas məqsədi Türk dünyasının ortaq dəyərlərini və dünya ədəbiyyatının zirvələrindən sayılan Nizami Gəncəvi irsini elm və təhsil camiəsi arasında daha geniş tanıtmaq, onun ədəbi-fəlsəfi irsini təbliğ etməkdir.
Layihəyə Türkiyədə fəaliyyət göstərən Yunus Emre İnstitutu və AMEA-nın Gəncə Bölməsi dəstək göstərir.
“Nizami Gəncəviyə 100 məktub” müsabiqəsinin əsas mövzu istiqamətləri müəyyənləşdirilib. Müsabiqə “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvinin “Xəmsə”sində türkçülük ideyaları”, “Nizami Gəncəvi və Gəncə”, “Nizami Gəncəvinin yaradıcılığında hikmət fəlsəfəsi”, “Nizami Gəncəvinin yaradıcılığında ədalət anlayışı”, “Nizami Gəncəvi yaradıcılığında bəşəri dəyərlər və insan sevgisi”, ““Leyli və Məcnun” müasir dövrdə: klassik eşqin çağdaş yozumu”, “Nizami Gəncəvinin yaradıcılığında qadın obrazları və qadının mənəvi ucalığı”, “Nizami Gəncəvi və incəsənət” mövzularını əhatə edir.
Müsabiqəyə Türkiyə universitetlərinin tələbələri, xüsusilə ədəbiyyat fakültələrində təhsil alan gənclər iştirak edə bilər.
Qeyd edək ki, müsabiqəyə bu ilin mart ayının 10-da elan edilib, dekabrın 1-də yekun vurulacaq.
Müsabiqənin şərtləri və əlavə məlumatlarla bu link üzərindən tanış ola bilərsiniz.



