Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay, Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri və Nizami Kino Mərkəzinin direktor vəzifəsini icra edən Turan Məmmədli və Anadolu Kino və Televiziyaçılar Peşə Birliyinin sədri Muammer Sarıkaya arasında dördtərəfli görüş keçirilib.
Görüşdə bu il 40 illiyi qeyd olunan Bakı-İzmir “Qardaş şəhərlər” Protokolu münasibətilə birgə sənədli filmin hazırlanması layihəsi, iki ölkənin ortaq mədəni dəyərlərinin təbliği, eləcə də qardaşlıq əlaqələrinin daha geniş auditoriyaya çatdırılmasına yönəlmiş birgə mədəni layihələr müzakirə olunub.



