“Ölü Həsən” filmi Azərbaycan və Türkiyənin birgə istehsalı ilə tamamlandı

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” bədii filminin çəkilişləri uğurla başa çatıb. Film Türkiyənin “Ultra Production”, “Poetika Film” və Azərbaycan Rejissorlar İttifaqı tərəfindən istehsal olunub. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Film Agentliyi (ARKA), İctimai Televiziya və “Dev Film”in dəstəyi ilə həyata keçirilib.
Filmin rejissoru Türkan Hüseynlidir. Ssenarinin müəllifləri Türkan Hüseyn və İsmayıl İmandır. Filmin quruluşçu rəssamları Vasif Vəlizadə və Turan Yusifova, bəstəkarı isə Nigar Süleymandır.
Ssenarinin icraçı prodüseri Elməddin Əliyev, filmin prodüserləri isə Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, Duyğu Davəli, Əmrah Kılıç və Sevinc Əliyevadır.
Çəkilişlər Azərbaycanın Şamaxı rayonunda, Bakının mərkəzi hissələrində, eləcə də tarixi bölgələr – Qobustan, Zirə və Sahil qəsəbələrində aparılıb.
Filmdə əsas qəhrəman Həsənin öldüyünü zənn edən kəndlilər, onun gözlərini açdıqdan sonra mistik güclərə sahib olduğuna inanmağa başlayırlar. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan edir və ssenari bu mistik atmosfer üzərində qurularaq inkişaf etdirilir.
“Ölü Həsən” filmi mistik realizm janrı ilə yanaşı, dramatik elementləri, gərginlik və qara yumoru da özündə birləşdirir. Filmin 2026-cı ildə tamaşaçılara təqdim olunması planlaşdırılır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ