Ortaq dəyərlərimiz və Azərbaycan milli mədəniyyətinin Türkiyədə tanıdılmasına yönəlmiş media layihələri müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Telenews TV”nin İdarə Heyətinin sədri Mahmut Oral və baş direktoru İsmail Koçakı qəbul edib.
Keçirilən görüşdə Azərbaycanın zəngin milli mədəniyyətinin, tarixinin və mədəni irsinin Türkiyədə daha geniş auditoriyalara tanıdılması, iki qardaş ölkənin ortaq mədəni dəyərlərinin media vasitəsilə daha təsirli şəkildə dünyaya çatdırılması, eləcə də birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.
“Telenews TV” Türk dünyasının ortaq yaddaşını, tarixini, mədəniyyətini, incəsənətini, elmini və texnologiyasını süni intellekt və gələcəyə yönəlmiş inkişaflarla birlikdə təqdim edən və bütün bunları dünya auditoriyasına çatdırmağı hədəfləyən media platformasıdır.




