Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbə Azərbaycanla bağlı nəşrlər hədiyyə olundu, ortaq dəyərlərimizin və Azərbaycan mədəniyyətinin tanıdılmasına dair layihələr müzakirə edildi

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Kahramanmaraş şəhərində yerləşən Heydər Əliyev adına ibtidai məktəbin direktoru Murat Demirci ilə görüşüb.

Məktəbdə baş tutan görüş zamanı “Bir millət, iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, ortaq milli-mədəni dəyərlərimizin təbliği və tanıdılması istiqamətində həyata keçirilə biləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində məktəbin musiqi, incəsənət salonu və kitabxanası ziyarət olunub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəbə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, milli dəyərləri və görkəmli şəxsiyyətləri haqqında zəngin məzmunlu kitab kolleksiyası hədiyyə edilib.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında mövcud olan mədəni əməkdaşlığın təhsil müstəvisində də genişləndirilməsinin önəmi vurğulanıb, gənc nəslin ortaq köklərimiz, milli kimliyimiz və dəyərlərimiz haqqında məlumatlandırılması istiqamətində birgə maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilib.

Bu təşəbbüs həm Azərbaycan-Türkiyə dostluğunun möhkəmlənməsinə, həm də gələcək nəsillərin milli ruhda tərbiyəsinə töhfə vermək məqsədi daşıyır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ