İstanbulda azərbaycanlı bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert təşkil edilib.
Aprelin 1-də Atatürk Kültür Merkezində baş tutan möhtəşəm konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Tədbir bəstəkarın müəllifi olduğu “Senfonik Gravürler” layihəsi çərçivəsində reallaşdırılıb.
Konsertdə simfonik əsərlər İstanbul Devlet Opera ve Bale Orkestrası tərəfindən ifa olunub. Orkestraya Fuad İbrahimov dirijorluq edib.
Gecədə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner və Türkiyənin məşhur sənətçilərindən Levent Yüksel səhnəyə çıxaraq çıxış ediblər.
Konsertin ən yaddaqalan anlarından biri bəstəkarın məşhur “Bayatılar” əsərinin səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə tanınan bu əsər gecənin zirvə nöqtəsinə çevrilərək tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirin sonunda Eldar Mansurov səhnəyə çıxaraq təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.
Konsertdə Bilal Erdoğan, Batuhan Mumcu, Murad Hüseynov, Füzuli Məcidli, Samir Abbasov və Zaur Allahverdizade də daxil olmaqla rəsmi şəxslər, həmçinin Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.




