2024-cü il Azərbaycanın böyük şairi, türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir.
Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə Məhəmməd Füzulinin “Füzuli Divanı” kitabı türkcə nəşr olunub.
Nəşrdə Məhəmməd Füzulinin şeir janrına aid şeirləri, qəzəlləri, rübailəri, müsəmmətləri və mükəttələri türk dilinə uyğunlaşdırılaraq əsərdə öz əksini tapmışdır. Kitabın tərtibçiləri Ankara Qazi Universitetinin yazarları, professorlar İsmət Çətin və Halil Çeltikdir.
Veriliş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır.
Sərəncamda deyilir: Məhəmməd Füzuli Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinin fəxridir.
İnanırıq ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Füzuli Divanı” nəşri dahi şairin 530 illik yubileyinə kiçik bir töhfə kimi sizlər tərəfindən müsbət qarşılanacaqdır.
Kitabın tərtibçilərindən olan Qazi Universitetinin (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, professor İsmet Çetin Füzuli irsini təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin sərvəti adlandırıb.
“Füzuli böyük qələm ustadlarından biridir. Dil, üslub və poetik texnika baxımından Füzuli ilə müqayisə oluna bilənlər azdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Türkcəsi, ərəb və fars dillərində 16 böyük əsəri olan dahi şairin yaradıcılığı bədiiliyi, incəliyi və orijinallığı ilə seçilir. Bir çox yerli və xarici tədqiqatçılar Məhəmməd Füzulini Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırıblar.




