Azərbaycanlı bəstəkarın II Skripka Konsertinin premyerası keçirilib

Tanınmış azərbaycanlı bəstəkar İlyas Mirzəyevin II Skripka Konserti Antalyada təşkil olunan xüsusi konsert proqramında ilk dəfə musiqisevərlərə təqdim edilib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sənətdə 50 il” layihəsi çərçivəsində baş tutan dünya premyerası Antalya Dövlət Simfonik Orkestrinin ifasında Atatürk Mədəniyyət Mərkəzinin Aspendos zalında keçirilib.

Yunanıstanlı dirijor Nikos Haliassasın rəhbərliyi ilə keçirilən konsertdə əsərin solo skripka partiyasını bəstəkar İlyas Mirzəyevin konserti xüsusi olaraq ithaf etdiyi tanınmış skripka ifaçısı Olqu Qızılay səsləndirib.

Üç hissədən ibarət olan konsertdə insan ruhunun daxili ziddiyyətləri, azadlıq axtarışları, müharibələrin gətirdiyi faciələr və sülhə olan ümid musiqinin universal dili ilə ifadə olunub. Əsərin finalında səslənən zəng sədaları dostluğun, insanlığın və qarşılıqlı anlaşmanın qələbəsini simvolizə edərək güclü sülh mesajı verib.

Konsertdən sonra bəstəkar İlyas Mirzəyev fortepiano arxasına keçərək özünün “Leyla” əsərini ifa edib. Proqramın ikinci hissəsində isə fransız bəstəkarı Jorj Bizenin məşhur “Karmen” operasından seçilmiş orkestr süitaları musiqisevərlərə təqdim olunub.

Azərbaycanlı bəstəkarın yeni əsərinin dünya premyerası Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq sənət səhnəsində təbliği və tanıdılması baxımından mühüm mədəni hadisə kimi yadda qalıb.

Skripka Konsertinin növbəti təqdimatı İzmirdə keçiriləcək! Əsər oktyabrın 23-də İzmir Simfonik Orkestrinin ifasında səsləndiriləcək. Orkestrə tanınmış dirijor, professor Rengim Gökmen rəhbərlik edəcək.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ