Azərbaycan mədəniyyəti və tarixinə dair zəngin kitab kolleksiyası İstanbulda Bahçeşehir Universitetinin Kitabxanasına hədiyyə olunaraq xüsusi sərgi ilə oxuculara təqdim edilib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin tanıdılmasına töhfə vermək məqsədilə həyata keçirilən bu layihə çərçivəsində Azərbaycana dair seçilmiş nəşrlər həm ana dilimizdə, həm də Türkiyə türkcəsində universitet kitabxanasına təqdim olunub. Eyni zamanda həmin əsərlərdən ibarət xüsusi sərgi də təşkil edilərək ziyarətçilərin ixtiyarına verilib.
Hədiyyə olunan kitab kolleksiyası Azərbaycanın dövlət quruluşu, tarixi, zəngin mədəni irsi və əldə etdiyi nailiyyətlərlə yanaşı, klassik Azərbaycan ədəbiyyatının mühüm nümunələrini də əhatə edir. Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr çərçivəsində türk dilinə tərcümə olunmuş 200-dən çox əsər də bu dəyərli kolleksiyada yer alır.
Universitetdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bahçeşehir Universitetinin rektor müavini İhsan Alpargın, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli sərgini ziyarət edərək əsərlərlə yaxından tanış olublar.
Bahçeşehir Universitetinin Kitabxana müdiri Arzu Kuliğ isə Azərbaycana dair bu dəyərli nəşrlərin universitet kitabxanasına qazandırılmasının qardaş ölkə Azərbaycanın daha yaxından tanınmasına mühüm töhfə verəcəyini, eyni zamanda Azərbaycan tarixi və mədəniyyətinə maraq göstərən tələbələr üçün son dərəcə faydalı mənbə olacağını bildirib.




