Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Ankara Dövlət Konservatoriyasının direktoru, professor Burak Tüzün ilə görüşüb.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə mədəniyyət və incəsənət sahəsində indiyədək həyata keçirilən əməkdaşlıq müzakirə olunub, gələcəkdə birgə layihələrin reallaşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı uzun illər Türkiyədə musiqi təhsilinin inkişafında mühüm rol oynamış Azərbaycanın Xalq artisti, skripkaçı, dirijor və pedaqoq Sərvər Qəniyevin irsinin konservatoriyada yaşadılmasına dair layihə ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin klassik musiqi və opera sahəsində təcrübə mübadiləsi, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığın qurulması, ustad dərslərinin təşkili, Ankara Dövlət Konservatoriyasının simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının opera əsərlərinin səsləndirilməsi və digər birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.



