Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı və Trabzon Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Trabzon şəhərində keçirilən 5-ci Ali Səviyyəli Rəhbərlər Toplantısında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Ferid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Tədbirdə TÜRKSOY-a üzv ölkələrin yüksək səviyyəli rəsmiləri, yerli idarəetmə orqanlarının nümayəndələri və müxtəlif ölkələrdən gəlmiş qonaqlar bir araya gələrək, türk dünyasında mədəni əməkdaşlığın gələcək inkişaf perspektivləri, birgə layihələrin reallaşdırılması və ortaq mədəni irsin dünyaya tanıdılması istiqamətində əhəmiyyətli müzakirələr aparmışlar.
Azərbaycan nümayəndə heyəti toplantı çərçivəsində bir sıra görüşlər və ikitərəfli danışıqlar keçirmiş, qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsləri, ortaq türk mədəniyyətinin inkişafına dair layihələri, həmçinin 2026-cı ilə qədər nəzərdə tutulan birgə proqramlar haqqında təqdimatlar edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin də qatıldığı tədbirdə, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yeni əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti Trabzon Valisi və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı tərəfindən qəbul edilmiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi və gələcəkdə regional və beynəlxalq miqyasda birgə təşəbbüslərin dəstəklənməsi barədə razılıqlar əldə edilmişdir.
Tədbir iştirakçıları yekdilliklə vurğulamışlar ki, TÜRKSOY çərçivəsində həyata keçirilən layihələr türk dünyasının mədəni inteqrasiyasına, ortaq irsin qorunmasına və beynəlxalq aləmdə daha geniş tanıdılmasına mühüm töhfə verir.



