Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Merzifon Kitab Sərgisi çərçivəsində Amasya şəhərinə səfər edib. Səfər zamanı o, bölgədə yaşayan azərbaycanlılar, yerli Azərbaycan dərnəyinin nümayəndələri, ziyalılar və ağsaqqallarla görüşərək, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, ortaq dəyərlərin qorunması və milli mədəniyyətimizin tanıdılması istiqamətində görülən işlər barədə müzakirələr aparıb.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi, ortaq irsin gələcək nəsillərə çatdırılması və bu istiqamətdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Toplantıdan sonra nümayəndə heyəti Amasyada yerləşən ortaq mədəni irsimizə aid tarixi abidələri ziyarət edib. Ardınca Hocalı Parkına gedilərək, oradakı Xocalı soyqırımı abidəsi önünə gül dəstələri qoyulub və soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Bu səfər, Azərbaycan və Türkiyə xalqları arasında möhkəm dostluq və qardaşlıq bağlarının, eyni zamanda ortaq tarix və mədəniyyətə bağlılığın bir daha təzahürü olub.




