Azərbaycan dilinin tədrisi və ortaq dəyərlərimizin tanıdılması sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qars Qafqaz Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün Azərbaycan türkcəsi və ədəbiyyatı kafedrasının müdiri, professor İlkin Gülüsov ilə onlayn görüş keçirib.

Görüş zamanı Türkiyədə Azərbaycan türkcəsinin tədrisi, ortaq dəyərlərimizin tanıdılması, eləcə də bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair təkliflər müzakirə olunub.

Türkiyədə ilk dəfə 2005–2006-cı tədris ilində yaradılmış Azərbaycan türkcəsi və ədəbiyyatı kafedrası Azərbaycan dilinin və ədəbiyyatının sistemli şəkildə tədrisi, Azərbaycan tarixinin və mədəniyyətinin tanıdılması, klassik və müasir ədəbiyyatının araşdırılması, həmçinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək mütəxəssislərin hazırlanması baxımından mühüm akademik mərkəzdir.

Hazırda bakalavriat və magistratura proqramlarının fəaliyyət göstərdiyi kafedra Azərbaycan türkcəsinin, ədəbiyyatının və mədəniyyətinin Türkiyədə tanıdılmasına dəyərli töhfələr verir.

Görüşdə Azərbaycan türkcəsi və ortaq dəyərlərimizlə bağlı birgə layihələrin həyata keçirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ