Ankarada Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyini qeyd edib

TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi və səfirlik nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, mütəfəkkir və dövlət xadimi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Ankarada, TÜRKSOY-un Baş katibliyi binasında təntənəli mərasim keçirilib.

Tədbirdə Türkiyə və Azərbaycandan millət vəkilləri, səfirlər, akademiklər, yazıçılar və çoxsaylı sənətsevərlər iştirak ediblər.

Mərasimdə TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım, AK Partiya sədrinin müavini, Ankara millət vəkili Prof. Dr. Kürşad Zorlu, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi sədrinin müavini, millət vəkili Günay Əfəndiyeva, Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov və Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Orxan Fikrət oğlu çıxış ediblər.

Çıxış edənlər Sabir Rüstəmxanlının yalnız ədəbi yaradıcılığı ilə deyil, həm də milli kimlik, azadlıq ideyası və Türk dünyası birliyinə verdiyi töhfələrlə seçilən müstəsna şəxsiyyət olduğunu vurğulayıblar. Onun əsərlərində xalqın tarixi yaddaşı və mübarizə ruhunun parlaq şəkildə əks olunduğu qeyd edilib. Rüstəmxanlının zəngin ideya irsinin, xüsusilə gənc nəsil üçün ilham mənbəyi olduğu bildirilib. Eyni zamanda, onun Türk dünyasının mədəni inteqrasiyasına töhfə verən öncül ziyalılardan biri olduğu ümumi fikir kimi səsləndirilib.

Sabir Rüstəmxanlı çıxışında həyat yolu boyunca şahidi olduğu tarixi hadisələrdən və apardığı mübarizədən bəhs edərək Türk dünyası birliyinin əhəmiyyətini vurğulayıb. Ədəbiyyatın milli kimliyin və ictimai dəyərlərin qorunmasındakı roluna diqqət çəkən şair çıxışının sonunda “Bitməz yolculuq” şeirini səsləndirib.

Rəsmi hissədən sonra tədbirin akademik bölümü çərçivəsində panel keçirilib. Paneldə Prof. Dr. Bülənt Aksoy, Prof. Dr. İsmət Çətin, Prof. Dr. Aygün Attar, Prof. Dr. Çətin Elmas, Dr. Seyfullah Türksoy və Abbas Bozyel çıxış edərək Sabir Rüstəmxanlının ədəbi şəxsiyyəti, Türk dünyasındakı mövqeyi, müstəqillik mübarizəsinə verdiyi töhfələr və fikir dünyasını elmi müstəvidə təhlil ediblər. Çıxışlarda şairin yaradıcılığında “vətən, yaddaş, kimlik və Türk birliyi” mövzularının xüsusi yer tutduğu vurğulanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ