Ankarada DODEA Beynəlxalq məktəbində keçirilən Mədəniyyət Festivalında Azərbaycan stendi açılıb

Ankara şəhərində fəaliyyət göstərən DODEA Beynəlxalq məktəbində 25 aprel tarixində “Beynəlxalq Mədəniyyət Festivalı” təşkil olunub. Müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən tədbirdə Azərbaycanın  Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan stendi” təşkil edib və milli mədəniyyətimizə dair nümunələr təqdim olunub.

Festivalda Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Hindistan və digər ölkələr iştirak edərək, ölkə stendlərini hazırlamış, öz mədəniyyətlərini, adət-ənənələrinə dair guşələr və milli mətbəxlərini təqdim ediblər. Tədbir çərçivəsində təşkil olunan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.

Azərbaycan Mədəniyyət Mərkəzi Beynəlxalq Festivalda iştirakını Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edib, Azərbaycan guşəsində ölkəmizin qədim dövlətçilik tarixi, zəngin mədəni irsi, milli dəyərləri və incəsənəti barədə müxtəlif nəşrlər və suvenirlər nümayiş etdirilib.

Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib, Azərbaycanın turizm potensialı və mədəni zənginliyi geniş şəkildə təbliğ olunub.

Festival iştirakçılarına Azərbaycan mətbəxinin seçilən nümunələri – plov, dolma, ləvəngi və s. kimi milli yeməklərlə yanaşı, şirniyyatlarımız – şəkərbura, paxlava, badambora qonaqlar təqdim olunub.

Tədbir çərçivəsində məktəbdə təhsil alan müxtəlif ölkələrdən olan şagirdlərin iştirakı ilə rəngarəng yürüş təşkil edilib.

Festivalın bədii hissəsində müxtəlif ölkələrin hazırladığı konsert proqramları təqdim olunub.

Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursunun tələbələrinin milli musiqilərimiz əsasında hazırladığı mədəni proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Mədəniyyət Festivalı xalqlar arasında mədəni mübadilənin inkişaf etdirilməsi, qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın bu kimi beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə, gələcək nəsillər olan uşaqlarımız, gənclər arasında tanıdılmasına hədəflənib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ