Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti və tarixinə dair 400-dən artıq kitab hədiyyə edilib. Həmçinin nəşrlərdən ibarət sərgi açılıb.
Layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən “Azərbaycan İncəsənəti Həftəsi” çərçivəsində həyata keçirilib.
Bu münasibətlə universitetin kitabxanasında təşkil olunan tədbirdə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rəhbərliyi, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar, müəllimlər və tələbələr iştirak ediblər.
Universitetə hədiyyə edilən nəşrlərdən ibarət sərginin açılışında universitetin rektoru, professor Erhan Özden çıxışında Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, Azərbaycan mədəniyyətinin Türk dünyasında zəngin ənənələrə malik olduğunu vurğulayıb. O bildirib ki, bu layihənin əsas məqsədi qardaş ölkənin mədəniyyətini universitet mühitində daha yaxından tanıtmaqdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə çıxışında Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədilə həyata keçirilən layihələr haqqında məlumat verib. O qeyd edib ki, Mərkəz tərəfindən həm ana dilimizdə, həm də Türkiyə türkcəsində nəşr olunmuş Azərbaycanla bağlı kitablar Türkiyənin aparıcı kitabxana və universitetlərinə hədiyyə olunur. S. Abbasov vurğulayıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə göndərilən nəşrlər mədəniyyətin müxtəlif sahələrini, eləcə də ədəbiyyatımızı əhatə edən qiymətli kitablardır. S. Abbasov bu nəşrlərin universitet tələbələrinin Azərbaycan haqqında biliklərini genişləndirəcəyinə ümid etdiyini bildirib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli və Azərbaycanın xalq artisti Cahangir Novruzov çıxışlarında ölkəmizin tanıdılması və milli mədəniyyətimizin təbliği baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıblar. Onlar Azərbaycanın zəngin nəşrlərinin Türkiyənin aparıcı kitabxanalarına təqdim edilməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.
Tədbirin sonunda sərgiyə baxış keçirilib, iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçilik tarixi və milli irsi ilə bağlı nəşrlərlə yaxından tanış olublar.
Qeyd edək ki, sözügedən kitablar Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxana fonduna daxil ediləcək.




