Amasyada Azərbaycan Milli Qurtuluş Gününə həsr olunmuş sənət proqramı təqdim edilib

Türkiyənin Amasya şəhərində keçirilən Beynəlxalq Atatürk Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində “Azərbaycan Sənət Göstərisi” adlı konsert proqramı təqdim olunub.

Amasya İcra Hakimiyyəti, Amasya Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Amasya Azərbaycan Dostluq Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir şəhərin mərkəzində yerləşən Yavuz Səlim Meydanında keçirilib.

Tədbirdə Amasya İcra hakimiyyətinin başçısı Öndər Bakan, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Amasya Bələdiyyəsinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan zəngin bədii proqram tamaşaçılara təqdim edilib.

Proqram çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs ansamblı tərəfindən “Uzundərə”, “Ay Ləli Yar” və digər milli rəqslərimiz nümayiş etdirilib. “Azərbaycan Rüzgarı” folklor qrupu, həmçinin sənətçilər Müşfiq Əliyev və Fidan Hüseynova milli musiqilərimizi, xalq mahnılarımızı və muğam nümunələrini ifa ediblər.

Tədbirdə çıxış edən natiqlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycanın Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edərək, qədim Anadolu şəhərlərindən biri olan Amasyanın ortaq tariximizin, mədəniyyətimizin və qardaşlığımızın dərin izlərini daşıyan önəmli məkanlardan biri olduğunu vurğulayıblar.

Ayrıca, Beynəlxalq Atatürk Mədəniyyət və İncəsənət Günləri çərçivəsində şəhərdə festival iştirakçılarının turist avtobusları ilə qatıldığı şəhər turu və təntənəli yürüş də təşkil olunub. Azərbaycanlı sənətçilər Azərbaycan və Türkiyə bayraqları altında, iki qardaş ölkənin dostluğunu tərənnüm edən musiqilərin müşayiəti ilə keçirilən yürüşdə iştirak edərək Azərbaycanı layiqincə təmsil edib, ölkəmizin zəngin mədəniyyətini festival iştirakçılarına təqdim ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ