Türkiyənin Amasya vilayətində keçirilən 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Azərbaycan şairləri – böyük söz ustadı Nizami Gəncəvi və XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin Türkiyə türkcəsində yenidən nəşr olunmuş əsərlərinin təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində gerçəkləşən təqdimatda Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”, “İskəndərnamə” əsərləri, eləcə də Bəxtiyar Vahabzadənin “Özümüzü Kəsən Qılınc” əsəri oxuculara təqdim olunub. Tədbirdə sərgi ziyarətçiləri, ədəbiyyatsevərlər və məktəbli uşaqlar iştirak ediblər.
Toplantının moderatoru – Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova çıxışında hər iki şairin Azərbaycan ədəbiyyatındakı mövqeyi, zəngin yaradıcılıq irsi, əsərlərinin əsas ideyaları və onların Azərbaycan və Türk dünyası ədəbiyyatının zirvəsində dayanması barədə danışıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin yaradıcılığından bəhs edərək, Azərbaycan dövlətinin bu kimi böyük şəxsiyyətlərin irsini tanıtmaq və yaymaq məqsədilə həyata keçirdiyi mühüm layihələri qeyd edib. O, Prezident İlham Əliyevin böyük Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdiyini, 2025-ci ildə isə Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı imzaladığı sərəncamı xatırladıb. Samir Abbasov həmçinin Azərbaycan mədəniyyəti və ədəbiyyatının dünya mədəniyyətinə verdiyi töhfələrdən, Türkiyədə bu irsin araşdırılması, tanıdılması və tədrisi istiqamətində görülən işlərdən danışıb.
Çıxış edən natiqlər Azərbaycan Mədəniyyət Mərkəzinin Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə həyata keçirdiyi digər layihədən – Bəxtiyar Vahabzadənin “Özümüzü Kəsən Qılınc” əsərindən də bəhs ediblər. Əsərin Türkiyə türkcəsinə tərcümə və nəşr edilməsinin əhəmiyyətini vurğulayaraq, bu işin gələcəkdə əsərin Türkiyədəki teatr səhnələrində tamaşaya qoyulması üçün imkan yaradacağını bildiriblər.
Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi, şair və yazıçı Fərid Hüseyn isə “Özümüzü Kəsən Qılınc” əsərinin Türkiyə türkcəsinə çevrilməsinin və nəşr olunmasının, Türkiyəli oxucular üçün Bəxtiyar Vahabzadə yaradıcılığını daha yaxından tanımaq baxımından mühüm addım olduğunu qeyd edib.
Tədbir iştirakçıları Azərbaycan ədəbiyyatının iki böyük şairi – Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin əsərlərini böyük maraqla qarşılayıblar.




