Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçirilib

Oktyabrın 19-da Ankarada Azərbaycanın böyük şairi və Türk dünyasının görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin həyatına, ədəbi irsinə və fəlsəfi düşüncələrinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçirilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Mədəniyyətini Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən simpozium Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə və 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.

Azərbaycan və Türkiyədən alimlərin, Nəsimi irsinin tədqiqatçılarının və diplomatların iştirak etdiyi simpoziumda böyük şairin ədəbi-fəlsəfi irsi, türk düşüncə tarixindəki yeri və ümumbəşəri ideyaları müzakirə edilib.

Türk Mədəniyyətini Araşdırma İnstitutunun prezidenti professor Əhməd Bican Ərcilasun, Azərbaycanın Türkiyədəki səfiri, doktor Rəşad Aslanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışlarında Nəsiminin Azərbaycan ədəbiyyatına və Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinə verdiyi töhfələri xüsusi vurğulayıblar.

Çıxışlarda Nəsiminin Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri olduğu qeyd edilib, ölkəmizin zəngin ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir Rəşad Aslanov Prezident İlham Əliyevin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamının və 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunmasının böyük şairin xatirəsinə göstərilən dərin ehtiramın təzahürü olduğunu bildirib.

Azərbaycanlı və türkiyəli alimlər – professorlar İsmət Çətin, İbrahim Maraş, dosent Səadət Şıxıyeva və Qüdsiyyə Məmmədova da məruzələrində Nəsiminin türk düşüncə tarixindəki yerini, əsərlərinin ədəbi dilin inkişafına verdiyi töhfələri və fəlsəfi dünyagörüşünü dəyərləndiriblər.

Simpozium İmadəddin Nəsiminin qəzəllərinin səsləndirilməsi və musiqi proqramı ilə başa çatıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ