Ankarada keçirilən IV Dünya Mədəniyyətləri Festivalında Azərbaycan zəngin mədəni irsi, milli adət-ənənələri, musiqisi, rəqsləri və mətbəxi ilə geniş şəkildə təmsil olunub.
Festivalda 72 ölkənin diplomatik nümayəndəlikləri, səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.
Tədbirdə Azərbaycanı Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycanın festival çərçivəsində təşkil olunan stendində ölkəmizin dövlətçilik tarixini və mədəni irsini əks etdirən xüsusi guşələr yaradılıb. Burada müxtəlif nəşrlər, Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş kitablar, milli suvenirlər, xalçalar, kəlağayılar və əl işi kuklalar nümayiş etdirilib. Stendi ziyarət edən qonaqlara Azərbaycanın zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib, ənənəvi Azərbaycan şirniyyatları təqdim olunub.
Festival çərçivəsində iştirakçı ölkələrin musiqi və rəqs kollektivlərinin çıxışları, eləcə də milli mətbəx nümunələri böyük maraqla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Rəqs Ansamblı təqdim etdiyi rəngarəng proqramla Azərbaycan xalq rəqslərini yüksək peşəkarlıqla nümayiş etdirib.
Tədbir çərçivəsində müxtəlif xalqların milli geyim mədəniyyəti də tanıdılıb. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı Geyim Evinin hazırladığı “Tarixi Azərbaycan geyimləri” adlı moda nümayişi keçirilib. Dizayner Ləman Qulamovanın milli geyim kolleksiyası türkiyəli tələbələr tərəfindən nümayiş etdirilib. Azərbaycanın zəngin geyim mədəniyyətini və milli ornamentlərini əks etdirən kolleksiya festival iştirakçılarının böyük rəğbətini qazanıb və alqışlarla qarşılanıb.
Ankarada fəaliyyət göstərən “Buta” restoranı da festival qonaqlarına Azərbaycan milli mətbəxinin seçmə təamlarını təqdim edib.
Festival Azərbaycanın zəngin mədəni irsinin, milli adət-ənənələrinin və incəsənətinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətli mədəni platforma olub.



