Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş direktoru və Türkiyə Milli Kitabxanasının rəhbəri Taner Beyoğlu ilə görüşüb.
Türkiyə Milli Kitabxanasında keçirilən görüşdə kitabxana və nəşriyyatçılıq sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı, həmçinin Türkiyənin aparıcı kitabxanalarında “Azərbaycan bölmələri”nin yaradılması, “Azərbaycan Kitabı Həftəsi”nin keçirilməsi, Azərbaycanın klassik ədəbi irsinin və uşaq kitablarının Türkiyədə tanıdılması, Azərbaycan və Türkiyədə təşkil olunan kitab sərgilərində qarşılıqlı iştirakın təmin edilməsi, azərbaycanlı və türk yazıçıların kitab sərgilərinə “Fəxri qonaq” qismində dəvət olunması və onların yaradıcılığının tanıdılması istiqamətində həyata keçirilə biləcək birgə layihələr və əməkdaşlıq imkanları nəzərdən keçirilib.



