Avqustun 7-də Ankaranın Keçiören rayonunda yerləşən Lavanda və Gül Bağında ənənəvi olaraq təşkil edilən III Beynəlxalq Keçiören Türk Dünyası Şöləni keçirilib.
Keçiören Bələdiyyəsinin ev sahibliyi, TÜRKSOY-un, eləcə də Türkiyədə fəaliyyət göstərən Türk dövlətlərinin səfirlikləri və mədəniyyət mərkəzlərinin dəstəyi ilə keçirilən tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələr, dövlət rəsmiləri, diplomatlar, yerli idarəetmə orqanlarının təmsilçiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin tanınmış nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı vətəndaşlar iştirak ediblər.
Festivalın açılış mərasimində Türkiyənin AK Parti Baş Qərargahının sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Ankara millət vəkili Prof. Dr. Kürşad Zorlu, Keçiören Bələdiyyə Başçısı Dr. Mesut Özarslan və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Türk dünyasının zəngin tarixi və mədəni irsi, ortaq dəyərləri və müasir dövrdəki inkişafı diqqətə çatdırılıb. Festivalın Türk xalqları arasında əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin, eləcə də həmrəyliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib. Mərkəzin “Zəngəzur – Azərbaycan Xalq Rəqsləri” kollektivi və Azərbaycanın Xalq artisti Azerin səhnə alaraq Azərbaycan musiqi və rəqs mədəniyyətinin seçmə nümunələrini nümayiş etdiriblər. Azərbaycanlı sənətçilərin çıxışları tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb, alqışlarla müşayiət olunub.
Festivalın zəngin sənət proqramı çərçivəsində Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasından gələn musiqi və rəqs kollektivləri də səhnəyə çıxaraq öz milli mədəniyyətlərinin ənənəvi nümunələrini təqdim ediblər.
Festival çərçivəsində Türk dünyasının ortaq tarixi, zəngin mədəni irsi və mənəvi dəyərlərindən bəhs edən video nümayiş etdirilib. Tədbir boyunca müxtəlif mədəni təqdimatlarla yanaşı, ənənəvi rəqs nümayişləri, musiqi proqramları, film və sənədli film nümayişləri də təşkil olunub.
Festival boyunca Türk xalqlarını bir araya gətirən ortaq dəyərlər, həmrəylik, birlik və bərabərlik ruhu xüsusi olaraq ön plana çıxarılıb.



