Azərbaycanla bağlı nəşrlər Hatay Mustafa Kamal Universitesi kitabxanasında yaradılan Azərbaycan bölümünə hədiyyə edilib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dövləti, tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı 100 seçilmiş nəşr universitetin kitabxanasına bağışlanıb.
Tədbir Hatayda keçirilən “Azərbaycan sənət həftəsi” çərçivəsində baş tutub.
Açılış mərasimində universitetin rektoru Prof. Veysel Eren, Azərbaycan səfirliyinin müşaviri Dr. Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, fakültə dekanları, pedaqoji heyət və tələbələr iştirak ediblər.
Çıxışlarda Azərbaycan və Türkiyə arasındakı ortaq tarixə, qardaşlıq münasibətlərinə və güclü mədəni bağlara diqqət çəkilib, bu cür layihələrin iki ölkə arasında humanitar və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Bildirilib ki, gələcəkdə universitet kitabxanasının Azərbaycan bölməsi daha da zənginləşdiriləcək, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə bağlı yeni nəşrlər kitabxanaya hədiyyə olunacaq.
Qeyd edilib ki, yeni yaradılan “Azərbaycan Bölümü” ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi və ədəbi irsi barədə tələbələr, alimlər və oxucular üçün mühüm elmi-mədəni mənbə rolunu oynayacaq.




