Hatay Mustafa Kamal Universitesində Azərbaycan-Türkiyə münasibətləri panel şəklində müzakirə olunub

Hatay Mustafa Kamal Universitesində “Dünəndən bu günə Azərbaycan–Türkiyə münasibətləri: dildən sənətə uzanan bir qardaşlıq bağı” mövzusunda elmi panel təşkil olunub.

Tədbirdə universitet rəhbərliyi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Azərbaycan və Türkiyədən ziyalılar, mütəxəssislər, eləcə də universitetin Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri iştirak ediblər.

Atatürk Konferans Salonunda keçirilən “28 May – Azərbaycan Müstəqillik Günü münasibətilə: dündən bu günə; dildən sənətə Azərbaycan-Türkiyə” adlı tədbirlər silsiləsinin açılış mərasimində çıxış edən universitetin rektoru Prof. Dr. Veysel Eren bildirib ki, 28 May tarixi yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün şərəfli və əlamətdar gündür.

Rektor çıxışında Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərindən və dövlətlər arasında yüksək səviyyəli əməkdaşlıqdan bəhs edib.

Daha sonra tədbir akademik panel ilə davam edib. Panelin moderatoru universitetin müəllimi, doktor Nəzrin Əlizadə olub.

Paneldə iki ölkə arasındakı strateji müttəfiqlik, tarixi və mədəni əlaqələr geniş şəkildə müzakirə edilib. Azərbaycan və Türkiyədən olan ziyalılar və mütəxəssislər mövzu ilə bağlı çıxışlar ediblər.

Füzuli Məcidli, Samir Abbasov, Ankara Sosyal Bilimler Üniversitesinin müəllimi professor  Qiyas Şüküroğlu və Karabük Üniversitesinin müəllimi professor Əli Əskər Azərbaycan–Türkiyə münasibətləri, strateji müttəfiqlik, tarixi və mədəni bağlar barədə məruzələrlə çıxış ediblər.

Sonda universitetin Beynəlxalq Münasibətlər fakültəsinin müəllim və tələbələri mövzu ilə bağlı suallar ünvanlayıb, panel iştirakçıları tərəfindən suallar cavablandırılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ