Ankara Hacı Bayram Veli Universiteti tərəfindən təşkil olunan “Beynəlxalq Mədəni Körpü Festivalı”nda Azərbaycan mədəniyyəti geniş şəkildə tanıdılıb.
Festival çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Stenddə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri haqqında məlumatlandırıcı materiallar, ənənəvi əl işləri nümunələri, hədiyyəlik əşyalar, milli musiqi alətləri, xalçalar, kəlağayılar və Azərbaycan nağıllarından ilhamlanan fiqurlar nümayiş etdirilib.
Universitet tələbələri və festival iştirakçıları Azərbaycan stendini ziyarət edərək ölkəmizin zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə etmək imkanı qazanıblar. Ziyarətçilərə Azərbaycanın milli dəyərləri, ənənələri və mədəni zənginlikləri barədə məlumat verilib.
Festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Pakistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Malayziya başda olmaqla 15-dən çox ölkə öz mədəniyyətlərini tanıdan stendlərlə təmsil olunub. Tədbir müxtəlif mədəniyyətlər arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə töhfə verib.




