Azərbaycan xalqının dahi bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi sayılan Üzeyir Hacıbəylinin adını daşıyan küçənin rəmzi açılışı olub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə diplomatlar, ali təhsil müəssisəsinin rəhbərliyi, alimlər, dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin foyesində keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Erhan Özden mədəniyyət və təhsil sahələrində olduğu kimi, digər istiqamətlərdə də əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, görkəmli azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı bütün Türk dünyasının musiqisini zənginləşdirib. O, mədəni şəxsiyyətlərin Türkiyə-Azərbaycan birliyinə böyük məsuliyyətlə töhfə verdiyini bildirib.
Digər çıxış edənlərdən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin formalaşmasındakı müstəsna rolu, zəngin yaradıcılıq irsi və dünya musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlər barədə ətraflı məlumat verib. S. Abbasov vurğulayıb ki, müasir Azərbaycan professional musiqisinin banisi olan Üzeyir Hacıbəyli öz dahiyanə yaradıcılığı ilə Türk dünyasının ortaq musiqi səsini formalaşdırmağa nail olub.
Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli çıxışında Üzeyir Hacıbəylinin xalqımızın milli kimliyinin formalaşmasında müstəsna rol oynadığını bildirib. Diplomat Ankarada Üzeyir Hacıbəylinin adını daşıyan küçənin açılmasını ölkələrimizin tarixini birləşdirən mühüm hadisə kimi dəyərləndirərək, layihəyə dəstək göstərən Musiqi və Gözəl Sənətlər Universitetinin rəhbərliyinə təşəkkür edib.
Tədbir Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Konsertdə Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər Şenol Talibli, Fahri Nicat Kazım və opera solisti Fidan Hüseynova dahi bəstəkarın əsərlərindən seçmələri səsləndiriblər.




