İstanbulda Azərbaycan mədəniyyətinin inkişafına dair qurumlararası görüşlər keçirilib

Türkiyədəki Səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2025-ci ilin dekabr ayında İstanbul şəhərində mədəniyyət, ədəbiyyat və muzeyçilik sahələrini əhatə edən bir sıra mühüm görüş və iş birliyi tədbirləri həyata keçirilib.

Bu çərçivədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbulda yerləşən Türk və İslam Əsərləri Muzeyinin direktoru Ekrem Aytarla görüşüb. Görüş zamanı gələcəkdə muzeydə Azərbaycan muzeylərinə məxsus eksponatlardan ibarət müvəqqəti sərginin təşkili, muzey fondlarında qorunan qədim Azərbaycan xalçalarının ayrıca sərgi formatında nümayiş etdirilməsi, eləcə də daimi ekspozisiyada Azərbaycana aid bir eksponatın uzunmüddətli şəkildə sərgilənməsi məsələləri müzakirə olunub. Tərəflər bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfi ilə keçirilən görüşdə isə Azərbaycan və türk ədəbiyyatının qarşılıqlı tanıdılması, birgə elmi tədqiqatların aparılması, ədəbi müsabiqələrin, konfransların və nəşr layihələrinin həyata keçirilməsi mövzuları diqqət mərkəzində olub. Türk Ədəbiyyatı Vəqfinin sədri Serhat Kabaklı ilə aparılan müzakirələr zamanı 2026-cı ildə ədəbiyyat günləri və şeir gecələrinin təşkili ilə bağlı layihələr üzərində işlənilməsi barədə ortaq mövqe formalaşdırılıb.

Görüş çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan ədəbiyyatına dair nəşrlər vəqfə hədiyyə edilib.

Eyni zamanda milli mədəniyyətimizin və ortaq dəyərlərimizin tanıdılması, bu istiqamətdə İstanbulda birgə layihələrin reallaşdırılması məsələləri Azərbaycan Respublikasının İstanbul Baş Konsulu Narminə Mustafayeva ilə keçirilən görüşdə də müzakirə olunub. Görüş zamanı mədəni əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu səfər çərçivəsində Samir Abbasov İstanbulun Bebek Parkında yerləşən böyük Azərbaycan şairi və Türk dünyasının görkəmli mütəfəkkiri Məhəmməd Füzulinin heykəlini də ziyarət edib.

Bundan əlavə, İstanbulun Topqapı Mədəniyyət Parkı ərazisində fəaliyyət göstərən Türk Dünyası Mədəniyyət Parkı ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı Türk Mədəniyyət Məhəlləsində yerləşən Azərbaycan Evinin mövcud vəziyyətinin yaxşılaşdırılması, məkanın Azərbaycan mədəniyyət nümunələri ilə zənginləşdirilməsi, eləcə də birgə tədbir və layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib. Görüşdən sonra Türk Dünyasının müxtəlif ölkələrinə aid evlər ziyarət olunub və bu məkanın İstanbulun mühüm mədəniyyət mərkəzlərindən biri olduğu qeyd edilib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ