22 may 2025-ci il tarixində Türkiyənin Iğdır şəhərində yerləşən Milli Parkda Azərbaycan Konstitusiyası və Suverenlik İlinə həsr olunmuş möhtəşəm mədəniyyət tədbiri keçirilib. Proqram çərçivəsində açıq hava konserti və Bakı Milli Geyim Evinin kolleksiyasından Azərbaycan milli libaslarının nümayiş olunduğu moda sərgisi tamaşaçıların ixtiyarına verilib.
Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları Iğdır sakinləri tərəfindən böyük maraq və alqışla qarşılanıb. Səhnədə səslənən Azərbaycan musiqiləri, milli rəqslər və zəngin folklor nümunələri qardaş ölkənin mədəni irsini tamaşaçılara daha da yaxınlaşdırıb.
Sərgidə nümayiş olunan milli geyimlər isə zərif naxışları, qədim ornamentləri və tarixi üslubları ilə xüsusi diqqət çəkib. Bakı Milli Geyim Evi tərəfindən təqdim olunan kolleksiya Azərbaycan geyim ənənələrinin incəliyini və estetik zənginliyini nümayiş etdirərək ziyarətçilərdə böyük heyranlıq yaradıb.
Mədəniyyət tədbiri, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb. Bu təşəbbüs, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi və ortaq irsin tanıdılması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilib.




