İstanbulun keçmiş Atatürk Hava Limanı ərazisində keçirilən beynəlxalq festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Milli Çadırı” və “Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblı” böyük maraqla qarşılanır.
Dünya Etnospor Birliyi tərəfindən bu il yeddinci dəfə təşkil olunan Etnospor Mədəniyyət Festivalı öz qapılarını ziyarətçilərə açıb. İdman, sənət, mədəniyyət və folklorun qovuşduğu bu möhtəşəm tədbir, dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar və milyonlarla tamaşaçının görüş nöqtəsinə çevrilib.
Festivalın keçirildiyi keçmiş Atatürk Hava Limanı bu günlərdə əslən bir mədəniyyət meydanına çevrilərək yüzlərlə pavilyon, canlı çıxışlar, ənənəvi idman növləri və milli sənət nümunələri ilə zəngin proqram təqdim edir.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi festivalda özünəməxsus pavilyonla – “Azərbaycan Milli Çadırı” ilə təmsil olunur. Burada qonaqlara milli sənətkarlıq nümunələri, qədim əl işləri, milli geyimlər, musiqi alətləri və folklor elementləri təqdim edilir.
Milli Çadır, ziyarətçilərə Azərbaycan tarixini, mədəniyyətini və ənənələrini interaktiv şəkildə tanıdan zəngin bir məkana çevrilib. Xalçaçılıq nümunələri, misgərlik sənəti, milli naxışlı geyimlər və dekorativ-tətbiqi sənət əsərləri böyük maraq doğurur.
Festivalın bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblı” möhtəşəm çıxışla tamaşaçılar qarşısına çıxacaq. Ansamblın təqdim etdiyi rəqs kompozisiyaları milli musiqi ilə birləşərək, Azərbaycan mədəniyyətinin zənginliyi və rəngarəngliyini səhnədə canlandırır.
Zəngin geyim tərtibatı, peşəkar ifaçılıq və ritmik hərəkətlər festival iştirakçılarında Azərbaycan mədəniyyətinə olan marağı daha da artıracaq.
Azərbaycan pavilyonunun və səhnə çıxışlarının festivalda uğurla təqdim olunması, iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın gücünü bir daha nümayiş etdirir. Festival, həm milli irsin tanıdılması, həm də xalqlar arasında dostluq bağlarının möhkəmlənməsi baxımından əhəmiyyətli platformadır.




