Merzifonda Azərbaycan Xalq Nağıllarının Türkiyə Türkcəsində Təqdimatı Keçirildi

Türkiyənin Amasya vilayətinin Merzifon şəhərində təşkil olunan 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Azərbaycan xalq nağıllarının Türkiyə türkcəsinə tərcümə edilmiş versiyaları oxuculara təqdim olunub.
150-dən çox nəşriyyatın, 200-dən artıq yazıçı və şairin iştirak etdiyi sərgidə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində iki nəşrin təqdimatı keçirilib. Bunlardan biri uşaq yazıçısı Solmaz Amanovanın Türkiyə türkcəsinə çevrilmiş “İlmanın Macəraları” kitabı, digəri isə yazıçı Mətnət Hüseynovanın tərtib etdiyi “Azərbaycan Nağılları” toplusudur.
Təqdimat mərasimində gənc oxucular tərəfindən böyük maraqla qarşılanan “İlmanın Macəraları” kitabının müəllifi Solmaz Amanova uşaqlara nağıl qəhrəmanları İlma və Turacı tanıdıb, onların macəralarını əyləncəli şəkildə nəql edib. Həmçinin həmin qəhrəmanlara həsr olunmuş cizgi filmləri nümayiş etdirilib. Tədbir çərçivəsində uşaqlar arasında Azərbaycan mövzusunda bilik yarışı keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Uşaqlar İlma obrazının mahnısını birlikdə oxuyaraq rəqs ediblər.
Sərgi çərçivəsində təqdim olunan digər nəşr – “Azərbaycan Nağılları” kitabı isə Mətnət Hüseynovanın tərtibatı, rəssam Nüşabə Kiçikin illüstrasiyaları ilə hazırlanıb. Kitabda Azərbaycandan seçilmiş 12 xalq nağılı yer alıb və hər bir nağıl müəllifə məxsus orijinal illüstrasiyalarla zənginləşdirilib.
Azərbaycan folklorunun fəlsəfi və əxlaqi dəyərlərini, milli irsimizin dərin məzmununu özündə əks etdirən bu nağıllar sərgi ziyarətçiləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ