Kahramanmaraş Sütçü İmam Universiteti ilə ortaq dəyərlərimizin və Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyənin Aralıq dənizi bölgəsinin aparıcı ali təhsil müəssisələrindən biri olan Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor doktor Alptekin Yasım ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri, əsas məqsədinin Azərbaycan milli mədəniyyətinin, tarixinin və dilinin tanıdılması, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin gücləndirilməsi olduğu qeyd olunub.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi bu məqsədlə Türkiyənin mədəniyyət qurumları və ali təhsil müəssisələri ilə birgə müxtəlif layihələr həyata keçirir. Görüşdə həmçinin ortaq dəyərlərimizin və mədəniyyətimizin tanıdılması istiqamətində gələcəkdə birgə həyata keçirilə biləcək layihələr müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sütçü İmam Universitetinə Azərbaycan haqqında zəngin kitab kolleksiyası da hədiyyə olunub.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin müşaviri Samir İslamov, Sütçü İmam Universitetinin professoru, doktor Toğrul İsmayıl və universitetin müəllimi doktor Hemran Emirli də iştirak ediblər.
Görüş, Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının genişləndirilməsi və elm-təhsil platformasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ