Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı dahi Azərbaycan şairi, türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə bağlı yazı ilə aşılan jurnalda ölkə başçımızın sənəddə qeyd etdiyi “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” ifadəsinə xüsusi yer verilib.
“Mədəni Azərbaycan” jurnalında hər iki ölkənin Füzulişünas alimləri, o cümlədən akademik Rafael Hüseynov, professorlar Ataəmi Mirzəyev, Lalə Əlizadə, Mahirə Hüseynova, türkiyəli professorlar Cemal Kurnaz, Mustafa İse, İsmet Çetin və digərlərinin məqalələri dərc edilib.
Yazılarda dahi şairin yaradıcılığının türk dünyası ədəbiyyatına verdiyi töhfələr və onun əhəmiyyəti vurğulanıb.
Azərbaycan Mədəniyyət Mərkəzi həm çap, həm də elektron formatda yayımlanan jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsini planlaşdırır.




