Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Opera və Balet Baş Müdirliyi ilə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əldə olunan razılaşmaya əsasən, Azərbaycan bəstəkarlarının əsərləri türk dünyasının ortaq dəyərləri kimi Türkiyənin opera səhnələrində təqdim olunur.
Layihə çərçivəsində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası martın 26-da Ankarada səhnəyə qoyulub.
“Arşın mal alan” operettasının nümayişində Ankara Opera və Baletinin baş direktoru Demet Gökalp, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət və incəsənət nümayəndələri, yerli azərbaycanlılar, media təmsilçiləri və geniş ictimaiyyət iştirak edib.
Tamaşada baş rolları Əsgər – Şənol Talınlı, Gülçöhrə – Esin Talınlı, Asya – Olça Bora, Süleyman – Serkan Kocadere, Əsgərin xalası – Sibel Kızıltaş, Soltan bəy – Mehmet Yılmaz, Telli – Ayten Hanalioğlu və Vəli – İbrahim Halil Turgut canlandırıblar.
Yüksək səviyyəli səhnə tərtibatı, dekorasiya, aktyorların Azərbaycan və Türkiyə türkcəsindən birgə istifadə edərək canlandırdıqları obrazlar və musiqi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Arşın mal alan” tamaşası Ankara tamaşaçılarının gur alqışını qazanıb.
Qeyd edək ki, layihə Azərbaycan mədəniyyətinin və əsərlərinin Türkiyədə tanıdılması, eləcə də iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.




