TÜRKSOY-dan akademik Nizami Cəfərova mükafat təqdim olundu

20 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, ədəbiyyatşünas alim Nizami Cəfərov üçün Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş Katibliyində mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə qardaş Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim TÜRKSOY-un və Türkiyədə fəaliyyət göstərən iki vətəndaş cəmiyyəti təşkilatının – TEKAR (Türk-Erməni Münasibətlərini Araşdırma Vəqfi) və İLESAM-ın (Elmi və Ədəbi Əsər Yazarları Peşəkar Birliyi) dəstəyi ilə baş tutub.
TÜRKSOY Baş Katibinin müavini Sait Yusuf çıxışı zamanı türk xalqlarının mədəni irsinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb, təşkilatın bu istiqamətdəki missiyası haqqında məlumat verib. O, azərbaycanlı alimin mükafatlandırılmasını “TÜRKSOY üçün qürur mənbəyi” adlandırıb.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında türk dünyasında mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyətinə toxunub. O, Nizami Cəfərovun elmi və ədəbi yaradıcılığı barədə danışaraq, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Atatürk Mərkəzinin fəaliyyətinə diqqət çəkib.
Tədbirdə daha sonra TÜRKSOY Baş Katibinin müavini Sait Yusuf, İLESAM sədri Mehmet Nuri Parmaksız və TEKAR-ın rəhbəri professor Cemalettin Taşkıran tərəfindən Nizami Cəfərova türk mədəniyyətinin təbliğindəki xidmətlərinə görə təşəkkür məktubu, plaket və TÜRKSOY sertifikatı təqdim olunub.
Mərasim Nizami Cəfərovun türkologiya və türk ölkələrindəki ədəbiyyatşünaslarla əlaqələr mövzusunda çıxışı ilə yekunlaşıb. O, Ulu Öndər Heydər Əliyevin türk dünyasındakı münasibətlərin gücləndirilməsindəki əvəzsiz rolunu vurğulayıb və tədbirin təşkilatçılarına, iştirakçılara təşəkkürünü bildirib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ