Türkiyənin Bursa şəhərində təşkil olunan “Azərbaycan kino günləri” çərçivəsində Mudanya Universitetində Azərbaycan filmlərinin nümayişi keçirilib.
Azərbaycan kinosunun mühüm ekran əsərləri sənətsevərlərlə görüşməyə davam edir. “Azərbaycan Kino Günləri” çərçivəsində Mudanya Universitetinin ev sahibliyi ilə “Zəfər Rəqsi” və Oriondan Sevgilərlə adlı qısametrajlı filmlər nümayiş olunub.
Nümayişdə universitetin akademik heyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, film heyəti və çoxsaylı mədəniyyət-incəsənət nümayəndələri iştirak ediblər.
Proqramda Mudanya Universitetinin rektor müavini Serdar Kipdemir, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zəfər Rəqsi” filminin prodüseri Şəfəq Mehrəliyeva çıxış ediblər.
Çıxışlarda Azərbaycanın zəngin mədəni irsinin Türkiyədə tanıdılmasının əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətin iki qardaş ölkə arasındakı bağların daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib. Xüsusilə Türkiyənin mühüm mədəniyyət mərkəzlərindən biri olan Bursa şəhərində Azərbaycan filmlərinin nümayiş etdirilməsinin mədəni əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.
Qarabağ Zəfərinin 5-ci ildönümünə ithaf olunan “Zəfər Rəqsi” filmi Qarabağ Zəfəri mövzusunu dramatik üslubda tamaşaçılara təqdim edib. Elmi-fantastika və dram janrlarını bir araya gətirən Oriondan Sevgilərlə isə Azərbaycan kinosunun janr müxtəlifliyini nümayiş etdirib.
Nümayişin sonunda hər iki film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və uzun müddət alqışlanıb.




