Türkiyənin Merzifon şəhərində keçirilən “Azərbaycan Sənət Göstərisi” adlı konsert proqramı böyük maraqla qarşılanıb.
15 İyun – Azərbaycan Milli Qurtuluş Günü münasibətilə təşkil olunan tədbirdə yerli idarəetmə nümayəndələri, bələdiyyə rəsmiləri, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, vətəndaş cəmiyyəti təmsilçiləri, Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də çoxsaylı yerli və xarici turistlər iştirak ediblər.
Şəhərin tarixi mərkəzində yerləşən Daşhan Karvansaray Kompleksinin həyətində açıq havada keçirilən proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi həyata keçirdiyi tarixi missiyaya və müasir Azərbaycanın qazandığı uğurlara həsr olunmuş foto-sərgi də ziyarətçilərin ixtiyarına verilib.
Proqramın açılışında çıxış edən Merzifon Bələdiyyəsinin sədri Alp Kargı və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Onlar Atatürk Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində Amasya və Merzifonda minlərlə tamaşaçıya Azərbaycanın zəngin mədəniyyətinin və incəsənətinin tanıdılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, Azərbaycan xalqının müstəqillik tarixində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün məna və əhəmiyyətinə diqqət çəkiblər.
Çıxışlarda Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi zəngin irsə də toxunularaq, milli musiqimizin, muğam sənətinin, aşıq yaradıcılığının, opera sənətinin, folklorumuzun və xalq rəqslərimizin beynəlxalq aləmdə böyük şöhrət qazandığı bildirilib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış zəngin bədii proqram tamaşaçılara təqdim olunub. Proqram çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Rüzgarı” Muğam və Poeziya Topluluğu Azərbaycan xalq mahnıları və muğam nümunələrindən ibarət seçilmiş əsərləri səsləndirib.
Türkiyədə yaşayan azərbaycanlı sənətçilər – xanəndə Müşfiq Əliyev və opera ifaçısı Fidan Hüseynova Ulu Öndər Heydər Əliyevə həsr olunmuş əsərlərlə yanaşı, Azərbaycan klassik musiqisinin seçmə nümunələrini də sənətsevərlərin ixtiyarına veriblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı isə “Uzundərə”, “Ay Ləli Yar”, “Naz eləmə”, “Arşın mal alan” operettasından qızlar rəqsi və digər milli xalq rəqslərini yüksək peşəkarlıqla nümayiş etdirib.
Konsert proqramı tamaşaçıların böyük marağı ilə başa çatıb.




