Türkiyənin Bursa şəhərində  “Azərbaycan Kino Günləri”nin açılışı olub

Türkiyənin Bursa şəhərində “Azərbaycan Kino Günləri”nin açılış mərasimi keçirilib və “Buta” adlı tammetrajlı bədii film nümayiş olunub.

Bursa Osmangazi Sənət Mərkəzində keçirilən “Azərbaycan Kino Günləri” tədbirində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Bursa İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri ilə yanaşı şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin təmsilçiləri, eləcə də yerli sakinlər iştirak ediblər.

Tədbirdə Bursadakı məktəbli şagirdlərin Azərbaycan haqqında çəkdikləri rəsmlər Osmangazi Sənət Mərkəzinin foyesində sərgilənib. Azərbaycanın mədəniyyəti və tarixi abidələrini əks etdirən rəsmlər barədə məlumat verilib.

“Azərbaycan Kino Günləri”nin açılış mərasimində Bursa Şəhər Mədəniyyət və Turizm Müdiri Kamil Özer, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Respublikasının Əməkdar artisti, Adana Çukurova Konservatoriyasının professoru Cahangir Novruzov və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin rəhbəri Lətifə Nəqdəliyeva çıxış ediblər.

Çıxış edənlər Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, onun Türkiyədə tanıdılması, qardaşlıq münasibətlərimiz və Türkiyənin mühüm mədəniyyət və turizm mərkəzlərindən biri olan Bursada Azərbaycan filmlərinin təqdimatının əhəmiyyətindən danışıblar.

Daha sonra “Azərbaycan Kino Günləri” çərçivəsində rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.

Film Azərbaycanın kənd mühitində yaşayan tənha və xəyalpərəst uşaq olan Butanın həyatı, daxili aləmi, təbiətlə münasibəti və cəmiyyətə uyğunlaşma çətinliklərini sadə, lakin dərin məna ilə təqdim edir.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ